Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 17:52:34
BMU ilə Macarıstan universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Macarıstanın John von Neumann Universitetinin nümayəndə heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki,Azərbaycan ilə Macarıstanın arasında ali səviyyədə mövcud olan dialoq, strateji tərəfdaşlıq əlaqələrini vurğulayan rektor dost ölkələrin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. İki ölkənin bir çox sahələrdə, eyni zamanda humanitar sahədə də səmərəli əməkdaşlığına diqqət çəkən Yaqub Piriyev “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərə təqaüd verildiyini bildirib.

 

Sonra rektor qonaqlara ali təhsil müəssisəsinin yaranma tarixi, tələbə-müəllim heyəti, ixtisas və fakültələr, qoşulduğu beynəlxalq proqram və layihələr, elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və s. haqda geniş məlumat verib.

 

Müəllim-tələbə mübadiləsi, elmi-tədqiqat layihələrində birgə iştirak kimi istiqamətlər üzrə gənc ali təhsil ocağı olan John von Neumann Universiteti ilə sıx əlaqələrin qurulması üçün böyük potensialın mövcudluğunu vurğulayan Yaqub Piriyev gələcək plan və yeniliklərdən, yeni ixtisaslar üzrə mümkün  əməkdaşlıqdan söz açıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri, “yaşıl enerji” layihələri barədə qonaqları məlumatlandıran rektor, həmçinin alternativ enerji mənbələrinin əldə edilməsi üzrə BMU-da tədqiqat işlərinin bərpası, ümumilikdə bu sahə üzrə birgə əməkdaşlığın önəmini vurğulayıb.

 

Nümayəndə heyəti adından çıxış edən John von Neumann Universitetinin tədris işləri üzrə prorektoru Norberta Saqi Azərbaycan-Macarıstan dostluq əlaqələrinin inkişafından, bu münasibətlərin təhsil sahəsi üzərindən daha da dərinləşdirilməsi üçün qarşılıqlı marağın və geniş imkanların olduğunu qeyd edib.  

 

Universitetin elm üzrə prorektoru Zsolt Ferenc Kovacs, beynəlxalq əlaqələr üzrə müşaviri Erno Keskeni isə ali təhsil müəssisəsində icra olunan müxtəlif tədqiqat və layihələr, yeniliklər haqda məlumat veriblər.

 

Daha sonra BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərova BMU haqda geniş təqdimatla çıxış edib.

 

Görüşdə iki ali təhsil ocağı arasında gələcək əlaqələrin əsas istiqamətləri nəzərdən keçirilib, əməkdaşlığın daha da gücləndirilməsi qərara alınıb.