Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-13 13:15:26
Təhsil mühüm və zəruridir, ama hər şey demək deyil !

Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində anaların təhsilli olmasının olduqca vacib faktor olduğunu vurğulayıb. Onun sözlərinə görə uşağın əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almasına çalışmalıyıq.

 

Uşaq daha çox ana ilə vaxt keçirdiyindən ananın təhsilli olması daha vacibdir. Maraqlıdır, bəs hər iki valideynin təhsilli olması gənclərin gələcəyində nə kimi rol oynayır?

 

 

Sosioloq Üzeyir Şəfiyev Azedu.az-a açıqlamasında bildirib ki, valideynin təhsilli olmasının uşağın sosiallaşması, kariyera istiqaməti seçməsi, təhsil və tərbiyəsində müstəsna xidmətləri var:

 

“Xüsusilə də ananın təhsilli bir fərd olması uşaqların formalaşmasına böyük təsir göstərir. Amma bəzən də bir sıra uşaqlar üçün onların valideynləri ideal rolunda çıxış edir. Hətta bəzi hallarda həmin uşaqlar valideynlərinin peşəsini seçir və o istiqamətdə təhsil alırlar. Bu baxımdan, əlbəttə ki, valideynlərin təhsilli olması son dərəcə əhəmiyyətli bir faktordur. Çox yaxşı olar ki, təhsilli valideynlərin sayı gündən-günə artsın. Bu da uşaqların düzgün istiqamət götürməsində özünü göstərəcəkdir”.

 

 

Bəzi hallarda təhsilsiz valideynlərin gözəl ailə ənənələrinə sahib olmasına diqqət çəkən müsahibimiz, təhsilli valideynin olmasını üstünlük hesab edir:

 

“Ancaq elə valideyn var ki, təhsilsiz bir şəxs olmasına baxmayaraq, onun övladına tərbiyə vermə, ailəsini idarə etmək üsulu müsbət mənada bir çoxlarından fərqlənir. Təhsil mühümdür, zəruridir, amma hər şey demək deyil”.

 

 

 

Ü.Şəfiyev valideynlərin təhsilli olmasının gənclər üçün əhəmiyyətini sadalayıb:

 

“Təhsilli valideyn uşağın şəxsiyyət kimi formalaşması, ideal insan düşüncəsinin yaranması, uşağın inkişaf istiqamətlərinin, kariyera planının, gələcək kimliyinin müəyyələşməsində zəruri bir faktordur. Bu baxımdan ailədə nə qədər təhsilli insan olarsa, bu gənclər üçün o qədər müsbət qiymətləndirilər”.