Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 16:08:00
Günün gözəl hədiyyəsi... – “Örnək müəllimlər” dən CAVAB

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

 

 

Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.

 

 

AzEdu.az Təhsil Portalı olaraq modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən bir neçə “Örnək müəllim”ə  “ Şagirdlərdən aldığınız hansı hədiyyə sizi xoşbəxt edər?” sualını ünvanladıq.

 

 

Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin Fizika müəllimi Aliyə Əhmədovanın sözlərinə görə şagirdlərinin müxtəlif müsabiqələrə, yarışlara öz istəkləri ilə qatılması, bacarıqlarını həmin yarışlarda göstərmələri və müvafiq yer tutmaları onun üçün ən böyük hədiyyədir:

 

“Şagirdlərin qarşıma gəlib, Müəllimlər Günü münasibəti ilə məni təbrik etməyi belə mənim üçün ən böyük hədiyyədir. Müəllim olaraq fəaliyyətə başladığım gündən, həmişə maddi hədiyyələrə qarşı olmuşam. Şagirdlərin öz zəhməti ilə hazırladıqları, daha dəyərlidir. Düşünürəm ki, müəllimlər üçün ən böyük hədiyyə dərs dedikləri, üzərilərində əməyi olduqları şagirdlərin uğurlarını görməkdir”.

 

Müəllim bu gün şagirdlər tərəfindən ona hazırlanan maraqlı sürprizdən danışıb:

 

“Bu gün 5-ci siniflərə STEAM dərsim var idi. Mövzumuz isə paraşütlərin hazırlanmasıydı. Şagirdlərim bir neçə paraşüt maketi hazırlayaraq, uçururdular. Paraşütlərin biri aşağı enəndə içərisindən balaca güllər tökülməyə başladı. Həmin gülləri bir-bir əlləri ilə düzəltmişdilər. Düzünü desəm , bunu heç gözləmirdim. Həqiqətən də şagirdlərin incə düşüncəsi məni çox xoşbəxt etdi.

 

Abşeron rayonu Məmmədli kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Abdulova qeyd edib ki, Müəllimlər Günü münasibəti ilə alacağı ən gözəl hədiyyə şagirdlərin ona qarşı olan sevgisidir:

 

“Şagirdlərin öz əllərinin zəhməti ilə hazırladıqları açıqçalar və məktublardan daha gözəl nə hədiyyə ola bilər?

 Bu gün dərs dediyim bir çox şagird mənə onlarla açıqça yazmışdı. Daha yazmağı yeni öyrənən şagirdlər belə “mənim gözəl müəllimim”, “müəllim sizi çox sevirəm” kimi sözlərin yer aldığı, rəngarəng məktubları verirdilər. Ümumiyyətlə, müəllimlik peşəsi sadəcə məktəbə gəlib-getməklə kifayətlənmir. Bu peşə sahibləri fədakar olmalı, dərs saatları olmasa belə şagirdləri ilə maraqlanmalıdırlar. Şagird yalnız qiymət üçün deyil, eyni zamanda öz gələcəyi və müəlliminin dediklərini yerinə yetirmək, onun sevgisini qazanmaq üçün oxuyursa, düşünürəm ki, bu ən gözəl şeydir”.

 

Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllim Elvin Səlimov bildirib ki, onun üçün  maddi yox, mənəvi hədiyyələr əsasdır:

 

“İlk növbədə mənə qarşı göstərdikləri münasibət bütün hədiyyələrə dəyər. Bəzi avtoritar qaydada sinifi idarə edən müəllimlər var ki, şagirdlər onların dərsində çox sakit otururlar. Bu bir qədər müəllimdən çəkinmələri ilə əlaqədardır Lakin mən bunun tərəfdarı deyiləm. Düşünürəm ki, şagirdlərin dərsə yanaşma tərzi müəllimə olan hörmətindən qaynaqlanmalıdır.. Artıq 5-ci ildir ki, mən müəllim kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində 1 il dərs dediyim XI sinifim olub. Onlar artıq məktəbi bitiriblər. Küçədə və ya hər hansı bir yerdə rastlaşdıqda maşınla olan gedəcəyim yerə çatdırmağı təklif edir, bir başqası “müəllim, hər zaman qulluğunuzdayıq” deyir. Bu hörməti qazanmaq mənim üçün ən böyük hədiyyədir. Mənim 20-25 illik təcrübəm olmadığı üçün çox da xatirələrim yoxdur. Ancaq bu müddət də müəllimlik adını üzərimdə daşımağıma kifayət edir”.

 

Elvin müəllim, bu gün şagirdlərinin ona hazırladığı hədiyyədən söz açıb:

 

“V sinif şagirdlərim kağıza ürək sözlərini yazıb, onları bir zərfin içinə yerləşdirib mənə verdilər Ancaq zərfin içindəki sözləri kimin yazdığı bilinmirdi. Mən təxmini kimin, nəyi yazdığını təxmin etməyə çalışırdım. Bəziləri düz, bəziləri isə səhv çıxırdı. İşin təşkilatçılığı da məhz şagirdlərimə məxsusdur. Bu mənim üçün bu gün aldığım ən gözəl hədiyyədir. Mən hiss etdim ki, bu gün doğurdan da Müəllimlər Günüdür”.

 

Ucar ş. 3 nömrəli tam orta məktəbin müəllimi Gülçöhrə Xəlilova deyib ki, şagirdlərindən aldığı məktublar onu duyğulandırıb:

 

“Nəinki bu gün, hər zaman alacağım ən gözəl hədiyyə şagirdlərimin sevgisi, onların işıq saçan gözləri ilə mənə baxmasıdır. Bu gün şagirdlərimdən ürək sözlərini yazdıqları o qədər açıqcalar almışam ki...oxuduqca təsirlənirəm. Onlardan çoxu sevgisini etiraf edir, bəziləri isə deyirlər ki, “Arzumuz odur ki, ibtidai sinifdən sonra da bizə siz dərs keçəsiniz”, “Sizi anam qədər çox istəyirəm” və s.

 

 Müəllim olaraq fəaliyyətə başlayan bütün gənc müəllimlərə uğurlar arzu edirəm. Əsl müəllim şagirdinə sevgini ötürməyi bacarmalıdır. Əgər müəllim bunu bacarırsa, mütləq şəkildə qarşılığını alır”- deyə o, fikirlərini yekunlaşdırıb.