Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-26 11:42:00
Ekspertdən gənclərimizi tənqid edənlərə cavab: “Onlarda qüsur axtarmalı deyilik”

Elm və Təhsil Nazirliyi "2022-2026 Dövlət Proqramı"nın qalibləri ilə həmsöhbət olub. Qaliblərimiz qəbul aldıqları təhsil müəssisələrini seçmələrinin səbəbləri haqqında danışıblar. Ancaq danışan gənclərimizin bəziləri nitqində ingilis dilində ifadələrə çox yer verdiyi üçün izləyicilərin bir qisminin qınağına məruz qalıb. Onların bir qismi gənclərimizin uğuruna sevinib təbrik edir, bir qismi isə Azərbaycan dilində səlis danışmalı olduqlarını vurğulayıb.

 

 

Hazırki dövrümüzdə xarici dil biliyi önəmli faktorlardan biridir. Ancaq dilimizin saflığının qorunması da ən öncəlikli məsələdir. Bu baxımdan fikirlər haçalanır.

 

Mövzuyla bağlı fikirlərini öyrənmək üçün təhsil eksperti Adil Vəliyevə müraciət etdik. AzEdu.az-a açıqlama verən ekspertin yanaşması fərqlidir. Onun sözlərinə görə biz özümüzdə bəzən yaxşı işlərin içində pis nüanslar axtarmaq məcburiyyəti hiss edirik:

 

“Bu yaxşı bir hal deyil. Nəzərə almaq lazımdır ki, bu gənclər öz savadları və bacarıqları hesabına xaricdə təhsil üzrə dövlət proqramını qazanıblar. Onlar dünyanın top universitetlərində təhsil almağa gedirlər. Biz onlara dəstək olmalıyıq. Çünki həmin gənclər getdikləri yerdə ölkəmizi təmsil edəcəklər. Buna görə də biz onların hansısa bir sözündə qüsur axtarmalı deyilik. Bir problem müşahidə etdikdə bunu şəxsən bildirməliyik”.

 

 

Ekspert qeyd edib ki, sözügedən gənclərimiz xarici universitetlərdə ölkəmizi təmsil edirlər:

 

“Onlar ölkəyə qayıtdıqdan sonra orada qazandıqları əlavə biliyi və bacarığı ölkəmizin inkişafı üçün istifadə edəcəklər. Onlar bizim gələcəyimizə töhfə verəcəklər”.

 

A.Vəliyev hesab edir ki, məhz bu məsələyə görə onları qınaya bilmərik, çünki biz də danışanda yanlışlıqlara yol veririk:

 

“Gənclərimiz gələcək planlarını həyata keçirmək üçün xaricə üz tuturlar və bunun üçün də onlara gedəcəkləri yerin dilini bilmək vacibdir. Bəlkə də illərini hansısa xarici dili öyrənməyə sərf edirlər. Bunun üçün də ola bilər ki, danışanda öyrəndikləri dilin sözlərindən istifadə etsinlər. Məhz bu məsələyə görə onları qınaya bilmərik. Biz də danışanda yanlışlıqlara yol veririk. Yoldan keçən hər hansı bir şəxslə qısa söhbət etsək görərik ki, onun da nitqində türk, rus və ya ingilis dilində sözlər var. O zaman gərək danışmayaq. Danışanda istər-istəməz hansısa Azərbaycan lüğətində olmayan sözlər ağzımızdan çıxa bilir”.