Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 16:41:35
İxtisasca bağça müəllimi olmayanlar uşaqlara ciddi ziyan vurur !

Bu gün elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı qeyd etdi ki, bağça müəllimlərinin çoxunun bu sahə üzrə təhsilləri yoxdur: “Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır”.

 

Məlumdur ki, məktəbəqədər təhsil uşaqların təlim-tərbiyəsinin təməlidir.

 

Bəs qeyri-ixtisas müəllimlərinin bağça müəllimi kimi fəaliyyət göstərməyi nə dərəcədə doğrudur? Bu problemin aradan qalxması üçün hansı işlər görülməlidir?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayevanın sözlərinə görə bağça müəllimləri digər fənn müəllimlərindən daha məsuliyyətli və peşəkar olmalıdır:

 

 

“Hər ixtisasın özünəməxsus spesfikası var. Bu xüsusiyyətlər ona görə yaranıb ki, insanlar seçdikləri ixtisasın ən dərin detallarını öyrənib, həmin sahə üzrə özünü formalaşdırmaq üçün çalışsın. Hər bir ixtisasın tədris proqramı elə qurulub ki, həmin ixtisası bitirən şəxslər bütün metodikanı, pedaqogikanı bir sözlə, öz peşələrinə daha keyfiyyətli formada yiyələnmiş olsunlar. Təəssüf edirəm ki, məktəbəqədər təhsil müssisələrinə uzun illərdir qeyri ixtisasçıların kütləvi şəkildə götürülməsi davam edir. Bu müxtəlif yollarla baş verib. Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər digər fənn müəllimlərinə görə daha spesfik xüsusiyyətləri daşımalıdır. Bu sahənin özünəməxsus yönlərini bilməyən şəxslərin bağça müəllimi kimi fəaliyyət göstərməsi həqiqətən də ciddi problemlər yaradır”.

 

 

Mütəxəssis qeyd edib ki, ixtisası bağça müəllimi olmayanlar uşaqların inkişafına ciddi ziyan vurur:

 

“Bəzən deyirlər ki, ibtidai sinif müəllimi ilə bağça müəllimi eynidir. Ona görə də ibtidai sinif müəllimlərinin bağça müəllimi kimi işləməsinə normal baxırlar. Bu heç də normal deyil. Ali təhsil müəssisələrində onlara keçirilən dərslər tamamilə fərqlidir. Düzdür, ortaq dərslər ümumiyyətlə yoxdur deyə bilmərik. Amma ciddi şəkildə ixtisaslar bir-birindən fərqlənir. Təəssüf ki, bağça müəllimi olan qeyri ixtisasçılar fəaliyyətə başladıqdan sonra 4-5 il müddətində sözügedən peşəni öyrənməyə çalışır. İndi təsəvvür edin ki, həmin şəxslər 4-5 il ərzində öz qeyri-peşəkarlığı ilə nə qədər uşağa ziyan vurur.

 

X. Musayeva bağça müllimlərinin mütləq sertifikasiyadan keçməli olduğunu vurğulayıb:

 

“Hər kəs elə bilir ki, bağçaya uşaqlar ancaq oynayıb, yatmaq üçün gedir. Amma məktəbəqədər təhsil, uşaqların həyatda əldə edə biləcəkləri biliklərin, bacarıqların, vərdişlərin, və ümumi olaraq şəxsiyyət kimi formalaşmalarında çox mühim rol oynayır. Düşünürəm ki, bağça müəllimlərinin sertifikasiyadan keçməsi çox doğru qərardır. Hətta, onlar ilk növbədə diaqnostik  qiymətləndirmədən keçməlidir. Onların hazırkı potensiallarına diaqnoz qoyulmalıdır. Ondan sonra sertifikasiyadan keçməlidirlər”.

 

Müsahibimiz bağça müəllimlərin sertifikasiya imtahanlarının digər fənn müəllimlərinə nisbətən daha fərqli mexanizmdə qurulmalı olduğunu diqqətə çatdırıb:

 

 “Çünki, bağçada təlim-tərbiyə işlərindən savayı, qayğı məsələsi də var. Burada bütün müəllimlərin psixoloji vəziyyəti yoxlanılmalıdır. Bunu müxtəlif cür etmək olar. Ümumiyyətlə onların psixoloji vəziyyəti yoxlanaraq, sertifikasiyaya buraxılıb-buraxılmaması müəyyən olunmalıdır. Həmçinin, sertifikasiya imtahanında müxtəlif çaşdırıcı suallarla da sözügedən müəllimlərin psixologiyasının bu sahə üçün uyğun olub-olmaması yoxlanıla bilər. Yenə də qeyd edirəm ki, bağça müəllimlərinin sertifikasiyadan keçməsi çox vacib bir addımdır”.