Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 12:15:00
Məktəb ləvazimatlarının qiyməti “əl yandırır” : “Ailələr üçün çətinlik...”

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Şagirdlər 3 aylıq tətildən sonra məktəbə hazırlaşır, valideynlər isə məktəb üçün alış-veriş edirlər.

 

Son günlər məktəb ləvazimatlarının qiymətlərində müşahidə olunan bahalaşma valideynlərin haqlı narazılığına səbəb olur. Övladları üçün məktəb ləvazımatları almaq istəyən valideynlərin çoxu qiymətlərin “əl yandıran” olduğunu söyləyir.

 

Niyə məktəb ləvazimatları bazarlanan mağazalarda qiymətlər sürətlə artır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov vurğulayıb ki, qiymət artımlarına görə sahibkarları günahlandıra bilmərik:

 

“Düşünürəm ki, bunu əxlaq və etika məsələsinə çevirmək doğru deyil. Ümumi olaraq son 200 ildə iqtisadi fonemenlərin tələb və təklifləri, bazar şərtləri əsasında izah edilməsi istiqamətində yeni bir baxış var. Biz hər hansı bir sahibkarı ittiham edə bilmərik ki, siz niyə görə mövsümü gələndə məktəb ləvazımatlarının qiymətini qaldırırsız? Bu, doğru yanaşma deyil. Əslində, bazarın təbiətindən irəli gələn bir məsələdir. "Mövsüm dövrü" dediyimiz vaxtda tələb artır, təklif və təchizat hissəsində vəziyyət pozulur, belə olduğu təqdirdə təbii ki, qiymətləri müəyyən etmə situasiyası yaranır. Buna görə də sahibkarlar qiymətləri bir qədər artırırlar”.

 

Ekspert qiymətlərin bir qədər enməsi üçün təklif irəli sürüb:

 

“Biz bazarın təbii harmoniyasını hansısa formada dəyişdirə bilərikmi ? Təbii ki, yox. Amma mövsüm dövrlərində, iyun-iyul aylarında Azərbaycan höküməti idxal olunan məktəb ləvazımatları kimi məhsulları əlavə dəyər vergisindən azad edilməsiylə bağlı müvəqqəti rejim elan edə bilər. Bu zaman həmin məhsulların kütləvi şəkildə idxalına başlansa , bazarda da təklif bolluğu yaranar. Bu bolluq qiymətlərin optimallaşmasına gətirib çıxaracaq. Amma hazırda qeyd etdiyim istiqamətdə bənzər təşəbbüsü görməmişəm”.

 

R.Həsənov vurğulayıb ki, ailələr bazar iqtisadiyyatına görə davranışlarını təkminləşdirsə, bu, onlara çox kömək edəcək:

 

“Təbii ki, məktəb ləvazimatlarının sezonu gəldiyində qiymətlərin yüksəlməsi ailələr üçün çətinlik yaradır. Amma az öncə də qeyd etdiyim kimi, bu məsələni əxlaq məsələsinə çevirmək və bütün məsuliyyəti sahibkarların üzərinə yönləndirmək doğru deyil. Sahibkarın əsas görəcəyi iş bütün fürsətlərdən istifadə edərək öz fəaliyyətini artırmaqdır. Bunu etmədiyi halda biz onu rasional sahibkar kimi qiymətləndirib, iqtisadiyyata tövfə verəcəyini gözləyə bilmərik.

 

Başa düşmək olar ki, Azərbaycan ailələrinin alıcılıq gücü yüksək deyil, yığımları yoxdur, böyük əksəriyyəti günlük xərclərini təmin etməyə çalışır. Düşünürəm ki, qeyri-mövsüm dövrlərində məktəb ləvazimatlarına dair tədarük görülməsi müəyyən mənada istehlakçılar tərəfindən öz büdcələrini daha səmərəli şəkildə istifadə etməsinə imkan yaradacaq”.