Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 10:43:55
Bu il Polis Akademiyasına 300 kursant qəbul ediləcək

2023/2024-cü tədris ili üçün DİN-in Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 300 kursantın qəbulu nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, bu barədə Akademiyanın məlumatında bildirilib.

Fiziki göstəricilərinə görə müsabiqəyə buraxılan abituriyentlərin siyahısı III ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarında iştirak üçün Dövlət İmtahan Mərkəzinə göndərilib.

Onlar DİM-in bu il III ixtisas qrupu üzrə keçirdiyi imtahanların nəticələri əsasında Polis Akademiyasına qəbul ediləcəklər.

DİN-in Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust – 14 sentyabr 2023-cü il tarixdə Akademiyada ilkin hazırlıq kursuna cəlb ediləcək, dərslər 15 sentyabrda başlayacaq.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunacaq, Akademiyanın ərazisində yerləşən yataqxanada yaşayacaqlar.

 Məzunlara “hüquqşünaslıq” ixtisası, “polis leytenantı” xüsusi və “ehtiyatda olan leytenant” hərbi rütbələri veriləcək.