Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 09:39:40
Milli Məclis rəhbərliyi ali məktəblərdə dərs deyirmi...

Azərbaycan Konstitusiyasına əsasən, Milli Məclisin deputatları ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, ancaq burada elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna edilir. Hazırda yüksək vəzifələrdə çalışan bəzi məmurlar, həmçinin deputatlar müxtəlif ali təhsil ocaqlarında dərs deyirlər.

 

2020-ci ildə formalaşan 6-cı çağırış Azərbaycan parlamentinin bir neçə üzvü hazırda müxtəlif universitetlərdə tədris prosesində iştirak edir. Bəs Milli Məclisin rəhbərliyi ali məktəblərdə dərs deyirmi?

 

AzEdu.az-ın məlumatına görə, Modern.az bununla bağlı araşdırma aparıb.

 

98 saylı Şəmkir şəhər seçki dairəsindən seçilən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Bununla bərabər Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. 

 

Milli Məclis sədri filologiya elmləri doktoru, professordur. Spiker, eyni zamanda Əməkdar müəllimdir, bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir.

 

 

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyən Sahibə Qafarova 1981–2000-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000–2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olub.

 

2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışıb.

 

Milli Məclisin spikeri hazırda ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul deyil.

 

 

Milli Məclis sədrinin birinci müavini, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən seçilən Əli Hüseynlinin hazırda heç bir ali məktəbdə pedoqoji fəaliyyəti yoxdur. 

 

Spikerin birinci müavinin tərcümeyi-halına gəldikdə isə o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, hüquq üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir. 1991-ci ildən Azərbaycan Ali Məhkəməsində iclas katibi, məsləhətçi, sədrin köməkçisi işləyib. 1995-ci ildən Azərbaycan Prezidentinin İcra Aparatında mütəxəssis vəzifəsində çalışıb, 1996–2000-ci illərdə Milli Məclisi Sədrinin köməkçisi olub.

 

 

Milli Məclis sədrinin müavini, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən seçilən Fəzail İbrahimli hazırda Bakı Dövlət Universitetinin professorudur.


Vitse-spiker Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri doktoru, professordur. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.

 

1973–1977-ci illərdə Yardımlı rayonunda orta məktəb müəllimi işləyib. 1982-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2000-ci ildən Bakı Dövlət Universitetinin professorudur.
 

 

Milli Məclisin digər vitse-spikeri Adil Vəliyev pedaqoji fəaliyyətlə məşğul olmur.

 

O, Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının Mühəndis-şturman fakültəsini, Azərbaycan Polis Akademiyasını və BDU-nun magistraturasını bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1 monoqrafiyanın müəllifidir.
 

1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib. 1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsi Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub. 2002-ci ildən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.