Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 16:36:04
Keçmiş baş nazir - indiki prorektor Həccə gedib

Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov Həcc ziyarətində olub. Səudiyyə Ərəbistanının rəsmilərinin dəvəti ilə həyata keçirilən ziyarətdə professor Novruz Məmmədov Məkkə şəhəri ilə yanaşı, Mədinə və Ciddə şəhərlərində də olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib. 

 

Ziyarət zamanı 44 günlük Vətən müharibəsi zamanı canından keçmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. Haqq savaşımızda sağlamlığını itirən əsgər və zabitlərimizə uca Allahdan şəfa dilənilib. Ziyarətdə Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın ölkəmizin sülh və əminamanlıq içində yaşaması, xalqımızın xoşbəxtliyi uğrunda gördüyü əvəzsiz işlər üçün dualar edilib, Azərbaycan Dillər Universitetinin kollektivinin işlərinin uğurlu olması arzu edilib.

 

Novruz Məmmədov eyni zamanda Səudiyyə Ərəbistanının rəsmiləri ilə də görüşüb, iki ölkə arasında olan yüksək səviyyəli diplomatik münasibətlər müzakirə edilib.

 

Hər il həcc ziyarəti zamanı dünyanın müxtəlif guşələrindən gələn milyonlarla müsəlman Kəbənin ətrafına dolanır, müqəddəs Qara daşı öpür, məsciddə namaz qılır.

 

Həzrəti Məhəmməd (s) bu torpaqda doğulub, peyğəmbərliyə çatıb, İslam dini Məkkədə yaranıb. Məkkədəki Allah evi Kəbə həzrəti Məhəmməd Peyğəmbərin (s) dövründən başlayaraq bütün dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahına çevrilib. Sonralar Kəbə və müqəddəs “Zəmzəm” çeşməsi, Səfa və Mərvə təpələri arasında əzəmətli məscid tikilib.

 

Ayə və hədislərdən də bəlli olduğu kimi, Kəbə Yer üzündə insanlar üçün məbəd tikilən ilk evdir. Aləmlərə uğur, bərəkət və hidayət qaynağı olaraq qurulan Kəbə haqqında Allah-Təala “Qurani Kərim”in “Al İmran” surəsində belə buyurur: “Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı var”. Tarix boyu bir çox dəyişikliklərə məruz qalan Kəbə müxtəlif dövrlərdə qismən, ya da tamamilə yenidən inşa olunub və bugünkü möhtəşəmliyinə çatıb.


Qeyd edək ki, Novruz Məmmədov Azərbaycanın keçmiş baş nazirdir. O, 21 aprel 2018-ci il tarixində Baş naziri təyin edilib, 8 oktyabr 2019-cu ildə bu vəzifədən azad olunub.