Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-15 11:14:00
Üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılışı olub

İyulun 15-də Bakı Ekspo Mərkəzində üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, açılış mərasimində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.

 

Tədbirdə Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edib. O, “Yüksəliş” müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə edib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etməsi sevindirici haldır. Bunun müsabiqənin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin və iştirakçıların etimadını qazanmasının göstəricisi olduğunu bildirən İşçi qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib çatmasının qalibiyyətə bərabər olduğunu qeyd edib.

 

Təşkilat Komitəsinin üzvləri çıxışlarında “Yüksəliş” müsabiqəsinin hər il yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, günümüzdə idarəçiliyin tələblərinə uyğun olaraq rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.

 

Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçı mübarizə aparır.

 

Final mərhələsi 3 gün davam edəcək və müsabiqə iyulun 16-da yekunlaşacaq.

 

Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

 

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.