Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 15:09:47
Saxta diplomlu müəllimlər sertifikasiyaya cəlb olundular?..

Ümumtəhsil məktəblərində diplomu dövlət nümunəli olmayan müəllimlərin çalışdığı heç kimə sirr deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev də bir müddət öncə müzakirə zamanı etiraf etmişdi. O, Milli Məclisin Elm və təhsil komitəsində “Təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən dinləmə zamanı saxta diplomla çalışan müəllimlərin də sertifikasiya prosesinə cəlb olunacağını söyləmişdi.

"Bununla bağlı məhkəmə işləri var, faktlar var. Amma biz yenə də həmin müəllimlərin biliklərini yoxlayırıq ki, əgər biliyi varsa, davam etsin. Bu da əlavə şansıdır", - nazir vurğulamışdı.


Maraqlıdır, diplomu dövlət nümunəli olmayan müəllimlər builki sertifikasiyaya cəlb olundularmı?

Qeyd edək ki, 20-24 iyun tarixləri arasında ölkənin 13 müxtəlif şəhəri üzrə ümumilikdə 28000-dən çox müəllim sertifikatıaşdırmaya cəlb edilib.

20-23 iyun tarixlərində 20000-ə yaxın ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiya imtahanları verib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyi builki sertifikatlaşdırma prosesi zamanı müəllimlər üçün məhdudiyyət qoymayıb. Yəni diplomu dövlət nümunəli olmayan təhsilverənlər də - başqa sözlə, saxta diplomlu müəllimlər də sertifikatlaşdırılma prosesinə cəlb olunublar. 

Qeyd edək ki, hələ 2014-cü ildə Təhsil Nazirliyi bildirmişdi ki, qurum 2 minə qədər saxta diplomlu müəllimi adbaad tanıyır. Nazirlik qeyd etmişdi ki, 2 minə qədər saxta diplomlu müəllimin işləməsi barədə dəqiq məlumat var, amma onları bir anın içində işdən uzaqlaşdırmaq mümkünsüzdür.

A.Qorxmaz