Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-04 10:32:00
Dünyanın ən dəhşətli zəlzələsi hansı ölkələrdə baş verib? - ADLAR  

Ötən gecə Azərbaycan ərazisində zəlzələ baş verib. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt şəhəri, Abşeron yarımadası və onlara yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.

 

Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib ki, zəlzələ ilə əlaqədar olaraq dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb.

 

Dünya tarixinə nəzər saldıqda güclü zəlzələlərin baş verdiyinin şahidi oluruq. Lakin bəzi zəlzələlərin şiddəti və dağıdıcılığı kifayət qədər böyük fəlakətlərə səbəb olub.

 

AzEdu.az dünyada baş vermiş ən güclü zəlzələləri təqdim edir:

 

Çili

 

 

1960-cı ildə Çilidə baş vermiş hadisə indiyədək şkala üzrə ölçülən ən böyük zəlzələ hesab olunur. Zəlzələnin gücü 9,5 bal olub. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, zəlzələdə 3000 nəfər ölüb, 2000 nəfər yaralanıb və 2.000.000 insan evsiz qalıb. Lakin bəzi araşdırılmış məlumatlardasa ölü sayının 6000-ə çatdığı iddia olunur. İqtisadi zərər 400-800 milyon dollar aralığında deyilsə də, sonradan bu rəqəmin 3.19-6.38 milyard dollar olduğu bildirilib.

 

Alyaska

 

 

27 mart 1964-cü ildə ABŞ-ın Alyaska ştatında baş vermiş zəlzələ 9,2 bal gücündə idi. Bu zəlzələ kifayət qədər güclü olsa  da, xoşbəxtlikdən cəmi 131 nəfər həyatını itirmişdi. Şiddətli bu zəlzələdə itkilərin sayının azlığı yaşayış məntəqələrində insan sayının az olması ilə əlaqələndirilir. Bu zəlzələ tarixin 2-ci ən güclü yeraltı təkanı hesab olunur.

 

İndoneziya

 

 

26 dekabr 2004-cü il  İndoneziyada yer qabığının 30 kilometr dərinliyində baş verən 9,1 bal gücündə bu zəlzələ təxminən 8-10 dəqiqə davam edib və indiyə qədər baş vermiş ən uzun müddətli zəlzələ olaraq qeyd edilir. Təkcə İndoneziyada deyil, Banqladeş, Hindistan, Malayziya, Myanma, Tailand və Sinqapurda da hiss olunan zəlzələ dünyanı da 1 sm yerindən oynadıb.

 

 

Yaponiya

 

 

2011-ci il martın 11-də Yaponiyanın şərq sahili Tohokuda 9 bal gücündə baş verən zəlzələ  Yaponiyada indiyədək olan yeraltı təkanların ən böyüyüdü. Yaponiya hökuməti bu təbii fəlakəti rəsmən “Böyük Şərqi Yaponiya zəlzələsi” adlandırıb. 6 dəqiqə davam edən fəlakətdən sonra bölgədə hündürlüyü 37,9 metrə çatan sunami dalğaları baş verib. Zəlzələdə 15 828 nəfər həyatını itirib. 6126 nəfər yaralanıb, 2173 nəfər itkin düşüb. Avtomobil və dəmir yollarına ciddi ziyan dəyib, müxtəlif yerlərdə yanğınlar baş verib, bənd dağılıb, əraziləri su basıb... Zəlzələ nəticəsində baş verən sunami dalğaları Fukusima Atom Elektrik Stansiyasına da ziyan vurub.

 

 

Rusiya

 

 

Tarixdə digər böyük zəlzələ 4 noyabr 1952-ci ildə Rusiyanın şərqindəki Kamçatkada 9 bal gücündə olub. Eyni bölgədə 1737 və 1923-cü illərdə də oxşar intensivlikdə zəlzələlər yaşanıb və 1923-cü ildə baş verən sunami dalğaları 6 metr hündürlüyə çataraq Havay sahillərini vurub. 1952-ci il zəlzələsində tələfat qeydə alınmasa da, sunami; Alyaska, Çili və Yeni Zelandiya sahillərində öz təsirini göstərdi.

 

 

 Türkiyə 

 

Son zamanlar baş vermiş ən böyük zəlzələlərdən biri də 7.8 bal gücündə Türkiyədə qeydə alınıb. Hadisə 6 fevral 2023-cü ildə Türkiyənin cənubunda Qaziantep şəhərinin Şehitkamil ilçəsində Türkiyə vaxtı ilə saat 04:17-də baş verib. Zəlzələ Türkiyə və Suriyada ciddi dağıntılara səbəb oldu. Türkiyədə fevralın 6-da baş verən zəlzələdə ölənlərin sayı 48 448 nəfərə çatıb. Ən azı 13,5 milyon insan və 4 milyon bina zərər çəkib. Türkiyənin 10 vilayətində 12141 bina dağılıb. Zəlzələ yollarda geniş çatlara səbəb oldu. Bərpa işləri zamanı dağıntılar arasında çox vaxt bədən hissələri tapılırdı.

 

 

Azərbaycanda isə ən güclü zəlzələlər 1667 və 2000-ci ildə baş verib:

 

Şamaxı zəlzələsi - 1667-cil il 6.9 bal gücündə. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azərbaycan tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilir.

 

Şamaxı zəlzələsi - 1902-ci il 6.9 bal gücündə. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.