Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-03 13:40:07
Düzgün hədəf və motivasiyası olan tələbələr hətta Prezident təqaüdçülərindən də uğurlu təhsil alıb, karyera qurur” - PROREKTOR

“Təhsil verənlər, eləcə də aşağı bal toplayan tələbələr özlərinə məğlub gözüylə baxmamalıdırlar. Təcrübəmdə müşahidə etmişəm ki, bəzən, 200-250 balla qəbul olan tələbə universitet müddətində düzgün hədəf və motivasiya ilə hətta Prezident təqaüdçülərindən də daha müvəffəq təhsil alıb və karyera qurub”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən 39 dövlət və 12 özəl ali təhsil müəssisəsində 150 mindən artıq gənc  təhsil  alır:

“Azərbaycanda on il əvvəllə müqayisədə  tələbələrin sayı təxminən, 35-40 faiz artıb. Ali təhsil müəssisələrinə daxil olan tələbələrin qəbul balları da hər il əvvəlki ilə görə daha da artır. Həm ali təhsillilərin sayının artması, həm də onların universitetlərə giriş ballarının yüksəlməsi müsbət göstəricilərdən sayılır.

Bu tendensiya müsbət olsa da hazırda  aşağı və yüksək balla universitetə qəbul olanların bir qismində  istəksizlik  və ya motivasiya əskikliyi hiss olunur. Əslində, bunun bir neçə səbəbi var: uzun müddətdir, tədris fəaliyyəti ilə məşğul olan bir  müəllim kimi onu müşahidə edirəm ki, bəzi tələbələr yalnız ali məktəbə qəbul olmağı özünə hədəf seçir. O,  qəbul olduqdan sonra artıq hədəfinə çatdığını düşünür.

Amma universitetə qəbul imtahanında müvəffəq olmaq yalnız ilkin hədəf sayılmalıdır. Sonrakı hədəf daha yaxşı mütəxəssis olmaq və karyera planlaması istiqamətində dəyişməlidir. Bugünkü tələbələrin bir qisminin problemi hədəfsizlikdir. “Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz!”

Prorektor ikinci əsas problemi dərs materialları və ya bəzi universitetlərdəki imtahan sistemi ilə əlaqələndirir:

“Sessiya imtahanlarında suallar və cavabların əvvəlcədən verilməsi metodu ilk illərdə Azərbaycan universitetlərindəki neqativ halların aradan qaldırılması üçün başa düşülən olsa da, burada dərsə və müəllimə görə differensiallaşma mütləqdir. Analitik düşüncə qabiliyyəti yazılı imtahanlarla daha da inkişaf etdirilə bilər.

Təhsil verənlər, həm də aşağı bal toplayan tələbələr özlərinə məğlub gözüylə baxmamalıdırlar. Təcrübəmdə müşahidə etmişəm ki, bəzən universitetə 200-250 balla qəbul olan tələbə universitet müddətində düzgün hədəf və motivasiya ilə hətta Prezident təqaüdçülərindən də daha müvəffəq təhsil alıb və karyera qurub. Bu qəbul imtahanı ilə universitet təhsilinin əlaqəli olmamasından  qaynaqlanır. Qəbul imtahanı universitetə daxil olmaq üçün lazımdır. Abituriyentlərin qəbul imtahanlarında göstərdikləri potensial universitet zamanı təhsil və təlim imkanları ilə çox da əlaqəli deyil. Ona görə  aşağı balla universitetə qəbul olanlar təhsilinə ümidsiz və az motivasiya ilə başlamamalıdırlar. Yeni bir təhsil həyatı səhifəsi açaraq təhsillərinə daha da motivasiyalı köklənməlidirlər.

Bəzənsə, yüksək balla universitetə qəbul olanlar yığdıqları yüksək bala arxayınlaşıb,  tədrisə az vaxt ayırıb daha sonra  prosesdən uzaqlaşırlar. Bu da arzu edilən deyil. Onlar üçün də universitetə qəbul olduqdan sonra yığdığı balın təsiri artıq geridə qalmalıdır. Son illərdə təqaüd sisteminin və Sabah qruplarının rəqabətliliyi artırmaqda müsbət təsirini tələbələrə alqışlamaq lazımdır. Son illərdə bir çox universitetdə rəqabət mühitini bu nüanslar artırıb”

Elçin Süleymanlı tələbələrin motivasiyasının artırılması  üçün onlara  ilk illərdən hədəflərini müəyyənləşdirməyi və bu istiqamətdə planlı hərəkət etməyi tövsiyə edir:

“Hədəf gələcək təhsil pilləsinin ölkə daxilində və ya xaricində olmasını dəqiqləşdirmək və ya xarici dil qabiliyyətlərini inkişaf etdirmək olmalıdır. Eyni zamanda ixtisası ilə əlaqədar karyera imkanları təlim və treyninqlər mütləq dəyərləndirməlidir. İxtisaslarına uyğun beynəlxalq sertifikatlara sahib olmaq hədəf olaraq müəyyən edilə bilər. Bugünün gəncliyi artıq auditoriya təhsili ilə kifayətlənməməlidir. İnternet resursları imkanlarından maksimum faydalanmalıdır. Könüllülük fəaliyyəti uğurlu karyera üçün əhəmiyyəlidir. Sonda gənclərə tövsiyəm odur ki, minik avtomobillərinin və Smart telefonların son modellərini yox, sahəsi ilə əlaqəli elmi biliklərin son yeniliklərini təqib və müzakirə etsinlər”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları