Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 17:57:47
DİM məktəblilər üçün imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzində (DİM) 15 iyun tarixində məktəblilər üçün Kembricin kompüter əsaslı “B1 Preliminary for Schools” və “A2 Key for Schools” imtahanları keçiriləcək.

 

İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, “A2 Key for Schools” imtahanında 8 nəfər, “B1 Preliminary for Schools” imtahanında isə 1 nəfər olmaqla ümumilikdə 9 nəfər iştirak edəcək.

 

İmtahan saat 09:00 da başlanır. İmtahan iştirakçıları saat 08:00-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

Qeyd edək ki, “B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan 4 bölmədən ibarətdir:

 

  • Oxu (Reading) - 45 dəqiqə;

  • Yazı (Writing) – 45 dəqiqə;

  • Dinləmə (Listening) - 35 dəqiqə;

  • Danışıq (Speaking) – 14 dəqiqə.

 

Digər tərəfdən, “A2 Key for Schools” kvalifikasiyasını götürməklə isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:

 

  • Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcəkdir.

  • Dinləmə (Listening) - 30 dəqiqə;

  • Danışıq (Speaking) – 12 dəqiqə.

 

Həmçinin qeyd etmək lazımdır ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Kembric kvalifikasiyaları barədə ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.