Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 11:05:07
3-cü “Yüksəliş” müsabiqəsinə imtahan keçirilib

Üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanı keçirilib. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başa çatıb.

AzEdu.az xəbər verir ki, imtahanlar Bakı şəhərində təşkil olunmuş 7 imtahan mərkəzində keçirilib. Əyani mərhələnin ikinci imtahanı olan idarəetmə bacarıqları üzrə imtahanda qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən 1071 nəfər iştirak etmək haqqı qazanıb.

İdarəetmə bacarıqları üzrə imtahanda iştirakçılara qərarların verilməsi, layihələrin və iş prosesinin idarə olunması, sosial intellekt üzrə situasiya tipli suallar, tənqidi düşüncə üzrə isə sual və tapşırıqlar təqdim olundu. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrıldı.

İmtahan bitəndən sonra növbəti 5-7 iş günü ərzində iştirakçılara nəticələrlə bağlı müvafiq hesabat göndəriləcək.

İmtahanlar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə təşkil olunub. Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə keçid edəcək. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə üçüncü “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.