Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 10:26:00
Direktorlar şagirdlərə komputerdən istifadəyə imkan vermirlər - EKSPERT

Dövlət İmtahan Mərkəzi (DİM) bu ildən I ixtisas qrupu üzrə imtahan fənləri sırasına informatikanı da əlavə edib. 4 iyun tarixində I qrup üzrə imtahan verən şagirdlər bu fəndən istifadə olunan sualları cavablandırıblar. İmtahandan çıxan şagirdlərin əksəriyyəti sualların çətin olduğunu vurğulayıb. 

 

Bəziləri iddia edir ki, abituriyentlərin çətinlik çəkməsinin səbəbi bu fənnin orta məktəbdə kifayət qədər geniş tədris olunmaması ilə əlaqədardır.

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev ilk dəfə olmasına baxmayaraq, bu fəndən imtahanlara çox da çətin sualların salınmadığı qənaətindədir.

 

“Bu il ilk dəfə olaraq qəbul imtahanında informatika fənnindən suallar düşdü. Qeyd etmək istəyirəm ki, abituriyentlərin ilk dəfədir informatika fənnindən imtahan verməsinə baxmayaraq, bu fəndən çox da çətin suallar salınmadı”.

 

A.Vəliyev, informatika fənninin nəzəri hissəsinin möhkəmləndirilməsi üçün praktikaya ehtiyac olduğunu qeyd edib. Ancaq onun sözlərinə görə, məktəblərin texniki bazası praktiki fəaliyyətə imkan vermir.

 

“İnformatika fənninin qəbul imtahanlarına salınması haqqında qərar verilməzdən öncə məktəblərdə o qədər də lazımi şəkildə tədris olunmurdu. Hələ də yetərincə tədris olunduğunu düşünmürəm, çünki məktəblərin maddi-texniki bazası buna o qədər də imkan vermir. Bunu araşdırdıqda görürük ki, məktəb direktorları komputer və digər texniki vasitələrin şagirdlər tərəfindən istifadə edilməsinin tərəfdarı deyil. Nəticə olaraq şagirdlər informatika fənnini sadəcə nəzəri aspektdən öyrənirlər”.

 

Ekspertin fikrincə, abituriyentlər hazırda əllərində olan dərs vəsaitlərindən və toplulardan istifadə etsələr, bu fəndən kifayət qədər yüksək bal toplaya bilərlər.