Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 10:19:59
Tələbənin anası Prezidentdən KÖMƏK İSTƏDİ

İranda casusluq ittihamı ilə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevayaya müraciət edib.

AzEdu.az xəbər verir ki, D.Əsgərova dövlət başçısından oğlunun məsələsinə müdaxilə etməyi xahiş edib.

Anası qeyd edib ki, 3 aydır ki, İrana dostunu görməyə getmiş oğlu Səfərli Fəriddən xəbər ala bilmirdi:

“Dünən XİN-in mənə ünvanladığı məktubda oğlumun İranda casusluq maddəsi ilə saxlanıldığı bildirilib. Mən bu ittihamı rədd edirəm. Düşünürəm ki, Fərid iki ölkə arasındakı konfliktin qurbanı oldu”.

Dilarə Əsgərova bildirib ki, Fərid öz üzərində daim çalışan, 3 xarici dildə sərbəst danışa bilən, kifayət qədər dunyagörüşü olan bir gəncdir:

“Fərid öz üzərində daim çalışan, ana dilindən başqa 3 dildə sərbəst danışa bilən, kifayət qədər dünyagörüşü olan bir gəncdir. Onu tanıyan hər kəs-dostları, qonşular, qohumlar bunu təsdiq edə bilər. Almaniyada data analizi sahəsində ixtisaslaşmışdı və Leypsiq şəhərində bir şirkətdən iş təklifi almışdı. Bu ilin aprel ayından həmin şirkətdə işə başlayacaqdı. Belə bir insanın kiminsə təsiri altına düşüb casusluq etməsi absurddur. O, İrana sadəcə dostunu görməyə getmişdi”.


Ana oğlunun İran zindanlarında müdafiəsiz qalmasının onü üzdüyünü vurğulayıb:

 

“Mehriban xanım, Fərid oğlunuz Heydərlə yaşıddır və ADA Universitetində tələbə yoldaşı olublar. Siz bir ana kimi məni daha yaxşı anlayarsınız. İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və onun indi nələr düşündüyünü təsəvvür edəndə içim yanır. Bir qarışqanı belə incitməyə ürəyi gəlməyən balamın saxta ittihamla, tamamilə təcrid olunmuş halda zindanda nələr yaşadığını ağlıma belə gətirmək istəmirəm.

Cənab Prezident, Fərid İranda müdafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm, Fəridin vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılmasına tapşırıq verəsiniz. Mən onun üçün çox darıxıram, onu görmək, bağrıma basmaq istəyirəm, ona müdafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm.

Mən inanıram ki, siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız.

Hörmətlə, Əsgərova Dilarə”.