Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-29 17:10:00
Uğurlu və pozitiv  tələbə olmağın sadə metodları – Hər bir gənc sınaya bilər

Ali məktəblərə qəbul imtahanlarından uğur qazananlar artıq universitetlərində dərslərə başlayıblar. Universitet orta məktəbdən sonra bəzilərinə fərqli təsir bağışlayır. Digərləri isə ailə və dostlarından kənarda özünü çox yalnız hiss edir.

AzEdu.az bu kimi psixoloji problemləri aradan qaldırmaq, tələbənin öz ali təhsil müəssisəsini daha yaxından və maraqlı yöndən tanıması  üçün vacib şərtləri təqdim edir.

Bu məlumatlar daha uğurlu tələbəlik yaşamaq və yaxşı karyera qurmanıza yardımçı olacaq.

Öncə qeyd edək ki, tələbəlik illərini dəyərləndirmək üçün yalnız auditoriyada mühazirə dinləmək kifayət deyil.

Bəs nə etməli?

Universitetinizdəki proqramlarla maraqlanın: Bəzi universitetlər yeni qəbul olan tələbələr üçün müxtəlif proqramlar həyata keçirir. 4 ilinizi keçirəcəyiniz universiteti tanımaq və özünüzü buranın tələbəsi kimi hiss etmək üçün bunun rolu danılmazdır. Müxtəlif proqramlara qatılmaqla  fərqli fakültələrdə təhsil alan tələbə dostlar tanıyacaq, ətrafınızı genişləndirəcəksiz.

Müxtəlif  tələbə təşkilatlarına qoşulun: Dərsdənkənar sosial fəaliyyətinizi də inkişaf etdirmək üçün bu, mütləqdir. Belə təşkilatlar ilk gündə iştirakçıları dəvət edərək, onları  bir-birinə tanıdır. Bu, yeni tələbə olanlara utancaqlıq hissi və komplekslərdən azad olmağa kömək edəcək. Artıq tanımadığınız insanlarla rahat şəkildə ünsiyyət qura biləcəksiz.

Universitet tədbirlərindən geri qalmayın: Mövzusundan asılı olmayaraq simpozium, konfrans və s. tədbirlərdən geri qalmayın. Bu, qrup yoldaşlarınızdan əlavə, müxtəlif fakültələrin müəllimləri ilə də əlaqələrinizin qurulmasına kömək edəcək.

Çətin də olsa, yeni mühitdə yaşamağa çalışın: Universitet həyatına alışmağın ən əsas yolu yataqxanada, tələbə ortamında qalmaqdır. Bu, sizə həm özünüzü tanıma, həm də tanımadığın adamlarla birgə yaşayışı öyrənmə imkanı verəcək. Eyni mühitdən çıxmaq, yeni insanlar tanımaq və onlarla birgə fərqli ortam qurmaq  sizi monoton həyatdan çıxaracaq;

Ölkə xaricinə çıxmaq çıxmaq şanslarını əldən verməyin: Universitet həyatınıza rəng qatmaq və əcnəbi dil biliklərinizi inkişaf etdirmək üçün bundan yaxşı fürsət ola bilməz. Erasmus+ və universitetdəki bir sıra xaricdə təhsil proqramlarından yararlanın.  Bir çox təşkilatlar ödənişsiz tələbə  proqramları həyata keçirir. Belə istəyiniz varsa, onların sosial media hesablarını daim izləməyiniz mütləqdir.

Tələbələr universitetin ilk aylarında hansı çətinliklərlə üzləşə bilərlər?

Mütəxəssislər xəbərdarlıq edir ki, tələbə birdən-birə yeni mühitə keçdiyinə görə onda müəyyən mənəvi boşluqlar yarana bilər. Bəzi gənclər isə tələbəlik müddətində evindən ayrı yaşamaq məcburiyyətində qalırlar. Buna görə də tələbəlik onlar üçün həyəcanverici olmaqla bərabər, qayğılarının artmasına da səbəb olur. Bu, çox önəmli məsələdir. Bəziləri bu dəyişikliyə tez bir zamanda alışdığı halda, digərləri uzun müddət mənəvi əziyyət çəkirlər. Məsələn, İngiltərədə aparılan araşdırmalar 70 % tələbənin bu problemlə qarşılaşdığını sübut edib.

Ailəsi üçün darıxması tələbənin akademik fəaliyyəti, tədris uğurlarına da ciddi təsir edə bilər. O, daha əvvəl rahatlıqla öhdəsindən gəldiyi işləri belə tamamlamaqda çətinlik çəkə bilər. Tələbələrdə özgüvənini itirmək, tez-tez ağlamaq, iştahsızlıq kimi hallara da az rast gəlinmir.

4 ilin mahiyyəti...

Mütəxəssislər məsləhət görür ki,  bu hallarla üzləşdikdə, yeni dostlarla tanış olmaq, müxtəlif təşkilatlara qoşulmaq və qrup yoldaşları ilə vaxt keçirməkdə fayda var. Ayrıca proqram quraraq ev üçün darıxdığınız vaxtları da azaltmış olarsınız. Amma unutmayın ki, bu 4 ilin mahiyyəti yalnız əyləncə və yeni dostluqlardan ibarət deyil. O, bundan sonrakı həyatınız üçün baza rolunu  oynayır. Bu səbəbdən sosial və elmi inkişafınıza, dünyagörüşünüzün artmasına da diqqət yetirin.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları