Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-14 09:31:00
Türkiyədəki seçkilərdə səsvermə başlayıb

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

 

AzEdu.az xəbər verir ki,  Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq.

 

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

 

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib. Gömrük məntəqələrində isə səsvermə bu gün saat 17:00-da başa çatacaq.

 

Ali Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.

 

Qeyd edək ki, prezident postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.

 

Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

 

Onu da bildirək ki, Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.