Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 17:07:51
AzMİU-da rəsm sərgisi açılıb

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin tələbələrinin rəsm əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, sərgidən öncə iştirakçılar Ümummilli Liderin əziz xatirəsini sonsuz məhəbbət və ehtiramla yad ediblər.

 

Fakültə tələbələrinin təqdimatında Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin banisi Heydər Əliyevin həyat və fəaliyyəti diqqətə çatdırılıb. Ölkəmizdə sabitliyin əldə olunmasında, dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlərinə nəzər yetirilib. Ulu Öndərin azadlıq və müstəqilliklə bağlı dəyərli fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.

 

Memarlıq fakültəsinin tələbələri- Əvəz Cəfərovun təqdimatında “Bir ulu sərkərdə, bir Ulu Öndər” şeiri, Miraytac Hüseynovanın ifasında “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısı ilə bədii hissəyə yekun vurulub. Sonra sərgi açıq elan edilib, sənətsevərlər rəsm əsərləri ilə tanış olublar.

 

Sərgidə gənclərin 50-yə yaxın rəsm işi nümayiş edilib. Qeyd edək ki, tələbələrimizin böyük məhəbbət və sevgi ilə hazırladığı rəsmlərdə Ulu Öndərin müdrikliyi, qətiyyəti, böyük siyasi iradəsi incə və zərif cizgilərlə sənətsevərlərə çatdırılıb. Sərgidə, həmçinin kətan üzərində portret, peyzaj, natürmort  janrlarında rəsmlər də nümayiş olunub.