Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 12:06:29
UNEC-də tədbir: “Elektron resurslardan istifadə bacarıqları”

UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu Mədəniyyəti” layihəsi çərçivəsində “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında növbəti təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan UNEC KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Oxu Mədəniyyəti” layihəsindən bəhs edərək, gənclərdə oxu mədəniyyətinin formalaşdırılması məqsədilə mütaliə vərdişlərinin aşılanmasının faydalarından bəhs edib. A.Abdullayeva oxu mədəniyyəti indeksi üzrə ilk sıralarda yer alan ölkələrdən, onların mütaliə vərdişlərindən, dünyanın ən zəngin adamları olan Bill Geyts, Cefri Bezos, Uorren Baffet, Opra Uinfri kimi məşhurların oxu səriştəsi barədə maraqlı məlumatları paylaşıb. Eləcə də UNEC KİM-in elektron kitabxanası, elektron kataloqu, mərkəzin abunə olduğu Emerald Publishing, İPR Smart nəşriyyatları və EBSCO kimi beynəlxalq data bazalar haqqında məlumat verib.

 

Sonra Mərkəzin şöbə müdiri Sədaqət Əhmədli “UNEC Kitabxana-İnformasiya Mərkəzi üzrə fondların formalaşdırılması:yeni mərhələ, yeni baxış” adlı təqdimatla çıxış edib. Mərkəzin ümumi fondu, son 4 ildə kitabxana fonduna daxil olan yeni yerli və beynəlxalq nəşrlər, sosial yönümlü layihələr çərçivəsində kitabxanaya hədiyyə olunan dərsliklər, kitabxanalarda sərgilənən kitab kolleksiyaları, kitabxanaların iştirak etdiyi kitabtoplama layihələrindən danışıb.

 

UNEC KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova isə “Kitabxana etikası” mövzusunda çıxış edib. O, müasir dövrün kitabxana qaydaları, kitabxana etikası və kitabxanaçı-oxucu-istifadəçi münasibətləri, eləcə də kitabxanaya müraciətlərin edilməsi, sorğuların cavablandırılması və digər mövzular barədə geniş məlumat verib. Tələbələrə kitabxanadan və elektron resurslardan yararlanmağı tövsiyə edib.

 

Çıxışlardan sonra tələbələrlə mövzu ilə bağlı müzakirələr aparılıb.