Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-19 10:37:00
Sertifikasiyada 50 bal yığan müəllimlər niyə 35 faizlik artıma düşmür? - AÇIQLAMA  

Məlum olduğu kimi, 2022-ci ilin yayından təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub. 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib.

 

Yenə sertifikasiya imtahanı yaxınlaşır - bu ilin yayında ölkə üzrə bütün Azərbaycan dili və ədəbəiyyatı, ibtidai sinif müəllimləri sertifikatlaşdırmaya cəlb olunacaq. 

Sertifikasiya prosesi ilə bağlı bəzi məsələlər gündəmdədir.

Bildiyimiz kimi, sertifikasiya imtahanından 51 və yuxarı bal toplayan müəllimlərin maaşına 35 faiz artım tətbiq edilir, amma 50 bal toplayanlar üçün 10 faiz artım nəzərdə tutulub.

Bir çox müəllim həmin 1 bala görə 35%-dən kəsilməsinin haqsızlıq olduğunu düşünür.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında sabiq deputat, təhsil eksperti Sona Əliyeva bildirib ki, gənc və əzbərçiliyə meyilli olan müəllimlər sertifikasiya imtahanından daha yüksək nəticə əldə edəcək:

 

“Belə bir təcrübə inkişaf etmiş ölkələrdə rast gəlinir. ABŞ-ın bəzi ştatlarında, Sinqapur, Yaponiya, Cənubi Koreya və Birləşmiş Krallıqda sertifikatlaşdırma imtahanları əsasında müəllimlərin əmək haqqının artırılması müəllimlərin fəaliyyətini həvəsləndirmək üçün həyata keçirilir. Ancaq bu prosesin ədalətli olub-olmaması ilə bağlı dünyada da mübahisələr var.

 

Müəllimin fəaliyyətini qiymətləndirmək üçün yalnız sertifikatlaşdırma imtahanlarından istifadə müəllimlərin bilik və bacarıqlarını tam əks etdirmir. Nəzərə alsaq ki, 1 bal kimi kiçik fərq haqlı narazılığa səbəb olur. Biz repetitorluq sistemini tənqid edirik ki, əzbərçilik yaradır, bəzən yüksək nəticəli abituriyentlər universitetdə oxuya bilmir, bu da oxşar prosesdir. Daha cavan və əzbərçiliyə meyilli olan müəllimlər əlbəttə daha yüksək nəticə əldə edəcək. Lakin müəllim olmaq bilik və informasiyadan ibarət olmaq demək deyil, müəllim olmaq dəyərli şəxsiyyət, ləyaqətli və ədalətli, əxlaqı və mənəvi dəyərləri yüksək, bilik, bacarıq, dəyər və inancları formalaşdıracaq qabiliyyətlərə və bacarıqlara, geniş dünyagörüşə malik, müdrik insan deməkdir.

 

Daha ədalətli yanaşma müəllimin fəaliyyətini qiymətləndirmək üçün müxtəlif meyarları birləşdirməyi əhatə edə bilər. Məsələn, şagird nailiyyəti, müəllimin digər qiymətləndirmə formaları, sinifdə müşahidələr, təhsilin və tədris materiallarının keyfiyyəti, müəllimlərin digər həmkarları ilə  əməkdaşlığı və peşəkar inkişaf fəaliyyətləri kimi müxtəlif meyarların birləşdirilməsi nəzərdən keçirilə bilər.

 

Bundan əlavə, daha çevik qiymətləndirmə sistemi yaradıla bilər ki, bu sistemdə müəllimlərin maaşları təkcə onların fəaliyyətinə görə deyil, həm də ümumilikdə təhsil sisteminin dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilə bilər. Bu yanaşma müəllimləri təkcə fərdi fəaliyyətinə görə deyil, həm də cəmiyyətin və tələbələrin ehtiyaclarına görə qiymətləndirməyə imkan verə bilər”.