Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 14:27:25
DİM SAT imtahanı ilə bağlı məqamları təqdim edib

Məlum olduğu kimi 2023-cü ildən başlayaraq SAT imtahanları dünyada kompüter vasitəsilə (Digital SAT / Rəqəmsal SAT) keçirilməyə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, ilk rəqəmsal SAT imtahanı Dövlət İmtahan Mərkəzində 11 mart tarixində təşkil olunub.

 

Kompüter əsaslı SAT imtahanının təşkilinə aid əsas məqamları bir daha ictimaiyyətə təqdim edirik:

 

Ünvan:

Rəqəmsal SAT imtahanları DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında keçirilir.

Notbuk / planşet:

İştirakçılar imtahan günündən öncə SAT imtahanı üçün xüsusi hazırlanmış proqram təminatını yükləməlidirlər.

İmtahan iştirakçısının notbuk/planşeti yoxdursa, o, “College Board”a imtahan üçün notbuk/planşet ilə müvəqqəti təmin edilməsi barədə sorğu göndərə bilər. İmtahan günü notbuk/planşet ancaq imtahandan əvvəl “College Board”a sorğu göndərmiş iştirakçılara Mərkəzdə veriləcəkdir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaqdır.

İmtahan müddəti:

Rəqəmsal SAT kağız üzərində keçirilən imtahandan daha qısa - 2 saat və aralarında 10 dəqiqəlik fasilə olmaqla iki bölmədən (Oxu və yazı, Riyaziyyat) ibarətdir.

Proqram təminatı:

İmtahanın proqram təminatı imtahan iştirakçıları üçün aşağıdakı imtahan funksionallığını əhatə edəcəkdir:

 

  • Suallara daha sonra qayıtmaq üçün onları işarələmək seçimi;

  • İştirakçıların imtahan ekranının yuxarısında göstərmək və ya gizlətmək üçün seçə biləcəyi geri sayım saatı;

  • İştirakçıların riyaziyyat bölməsində istifadə etmələri üçün quraşdırılmış qrafik kalkulyatoru (və ya iştirakçılar öz kalkulyatorlarını gətirə bilərlər);

  • Hər bir riyaziyyat sualı üçün ümumi düsturlardan ibarət istinad vərəqi.

 

Proqram təminatının interfeysi və sınaq imtahanı:

Rəqəmsal SAT imtahanının proqram təminatının interfeysi və ona uyğun imtahan suallarını “College Board”un rəsmi saytından yükləyərək tanış olmaq mümkündür.

İştirakçılar imtahana gətirilməlidirlər:

İmtahanda iştirak edən şəxslər tələb olunan aşağıdakı vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:

1.  Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2.  Buraxılış vərəqəsi – “Admission Ticket”;

3.   “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır. İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş və digər əşyaları gətirə bilərlər. Qaralama vərəq imtahan mərkəzində verilir.

Tarix və ətraflı məlumat:

Növbəti SAT imtahanının DİM test mərkəzi tərəfindən 3 iyun tarixində keçirilməsi nəzərdə tutulur:

Rəqəmsal SAT imtahanı barədə daha ətraflı məlumat “College Board”un rəsmi internet səhifəsində mövcuddur: https://satsuite.collegeboard.org/digital