Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 09:09:00
“Rektorun qəbul otağı” - İqtisad Universitetinin rəhbəri tələbələrə əlçatandırmı...

Keyfiyyətli təhsilin sirlərindən biri də tələbələrin öz fikirlərini azad şəkildə ifadə edə bilməsidir.

 

Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin öz şikayət və istəklərini ifadə edə bilməsi üçün rektorlar tərəfindən “Açıq qapı” günləri keçirilir. Rektorlar tələbələri necə qəbul edir, onlara hansı günlərdə vaxt ayrırır, ali məktəb rəhbərləri təhsil alan gənclər üçün əlçatandırmı?..

 

AzEdu.az saytı "Rektorun qəbul otağı" rubrikası adı ilə silsilə yazılar təqdim edir. Ötən yazımızda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun tələbələrlə ünsiyyəti barədə yazmışdıq.

 

Budəfəki yazımız Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovla bağlıdır.

 

İqtisad elmləri doktoru Ədalət Cəlal oğlu Muradov ölkə Prezidentinin 5 mart 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilib.

 

UNEC-də təşkil olunan “Açıq qapı” günləri barədə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova AzEdu.az-a geniş məlumat verib.

 

O bildirib ki, UNEC-in rektoru, professor Ədalət Muradovun universitet əməkdaşları və tələbələr üçün qəbul günü hər həftənin IV günü saat 17:00-da keçirilir.

Tələbələrlə birlikdə qəbulda valideynlər də iştirak edə bilərlər. Hər ayın ilk şənbə günündə isə kənar şəxslər üçün “Açıq qapı” günü keçirilir. İmtahan sessiyası dövründə “Açıq qapı” günü hər həftə keçirilir.

 

“ Müəllim, tələbə, əməkdaş və kənar şəxslər qəbula düşmək üçün 1846- 1-3 “Qaynar xətt”inə zəng etməklə yazıla bilər. Qəbula yazılan şəxslərin sayı ilə bağlı məhduduyyət yoxdur”.

 

E.Məmmədova “Açıq qapı” günlərində müzakirə olunan mövzulardan da söz açıb:

“İmtahan sessiyası dövründə olan müraciətlər əsasən, imtahan sualları il bağlı olur. Hazırda imtahanla bağlı müraciətlər çox az olur, hətta bəzi sessiya dövründə demək olar ki, qəbula yazılan olmur. Ümumilikdə isə müraciətlər adətən işə qəbul, vəzifə dəyişikliyi, tədrislə bağlı olur. Eləcə də tədrislə bağlı təkliflərlə də müraciət edənlər də qəbula yazıla bilir”.

 

Universitet rəsmisi qeyd edib ki, qəbula düşən şəxslərin müraciətləri rektor tərəfindən dinlənildikdən sonra araşdırılması üçün aidiyyatı struktur bölmələrə tapşırıqlar verilir. Məsələnin icrası ilə bağlı sonda rektora hesabat hazırlanır. Bəzi məsələlər isə qəbul zamanı yerindəcə həllini tapır.

Qəbul günlərindən başqa, UNEC rektoru şəxsi Facebook səhifəsi üzərindən də ona ünvanlanan müraciətləri cavablandırır.

Bundan başqa, UNEC-in saytında "Rektorla əlaqə" bölməsi də yaradılıb ki, bu da ali məktəb rəhbərinin tələbələr üçün əlçatanlığını daha da asanlaşdırıb.