Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-17 13:23:12
Rektor elmin populyarlaşdırılmasının əhəmiyyətindən DANIŞDI

Məlumatların yayılma kanallarının inkişafı elm sektoru ilə təhsil və cəmiyyət arasında inamın formalaşdırılmasını tələb edir. Eləcə də cəmiyyətdə fərqli maraq qruplarının sürətlə artması, həmçinin elmin populyarlaşmasına yeni yanaşmaları qaçılmaz edir.

 

AzEdu.az xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC-də “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda keçirilən tədbirdə söyləyib. Onun sözlərinə görə, bu tədbir gənc nəsil üçün elmin cəlbediciliyinin artırılması və elmə yeni gənc mütəxəssislərin cəlb edilməsi istiqamətində görülən işlərə təkan verəcək.

 

“Elmin populyarlaşdırılması cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracaq. Adi biliklərin intellekləşməsini təmin edəcək”, -deyən rektor fevral ayında UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzinin yaradıldığını xatırladıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə qeyd edib ki, elmin populyarlaşdırılmasında mətbuatın və sosial şəbəkələrin də rolu var.

"Lakin bu istiqamətdə mənfi tendensiyalar mövcuddur və elmlə bağlı maarifləndirmə işləri ürəkaçan deyil".



O, Azərbaycan elminin dünya reytinqlərindəki mövqeyinə də toxunub. Ölkə alimlərinin akademik profillərinin və istinad sayının aşağı olmasının elmin populyarlaşmasına mənfi təsir edən amillərdən olduğunu deyib. Akademik elmin populyarlaşdırılması istiqamətində işlərin beynəlxalq reytinq təşkilatlarının prioritetləri uyğun aparılmalı olduğunu qeyd edib.