Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-12 17:14:00
Dillər Universiteti neçə tələbəsini yataqxana ilə təmin edə bilib? - AÇIQLAMA

Azərbaycanda universitetlərin bir çoxunun yataqxanaları var. Bu mövzu ilə bağlı AzEdu.az-ın ötəndəfəki sorğusunda qeyd edildiyi kimi, bəzi universitetlərin yataqxanası olsa da, tələbələr müxtəlif səbəblərdən onlardan yararlana bilmirlər.

 

AzEdu.az-ın budəfəki sorğusunda isə Azərbaycan Dillər Universiteti (ADU) iştirak edib.

 

Universitetdən bildirilib ki, təhsil ocağının nəzdində 2 saylı Qızlar Yataqxanası tələbələrin istifadəsindədir.

 

“Yataqxana Bakı şəhəri, Mirzə Abbas Şərifzadə 4 ünvanında yerləşir. Ümumi bina 5 mərtəbədən, eyni zamanda 4 blokdan ibarətdir. Hal-hazırda binanın 2 blokunda məcburi köçkün ailələr məskunlaşıblar. Digər bloklar isə tam şəkildə tələbələrin istifadəsinə verilib. Yataqxananın hər bir mərtəbəsi tələbələrin yeməklərini hazırlaya bilmələri üçün mətbəx, bundan əlavə sanitar qovşaqlar ilə təmin edilib. 

 

Qış aylarını nəzərə alaraq kəsintisiz istilik sistemi bütün otaqlarda quraşdırılıb və daim baxışdan keçirilir. Dərslərdə iştirak və ailələri ilə əlaqə saxlamaq məqsədi ilə yataqxana sürətli internet sistemi ilə təmin edilib. Hər bir mərtəbədə 2,3,4 nəfərlik otaqlar var. Yataqxana 7 gün, 24 saat güclü mühafizə xidməti ilə qorunur. Tələbələrin asudə vaxtlarını keçirmələri üçün 1-ci mərtəbədə Oxu zalı yaradılıb. Bu zal qış və yay aylarında da istifadəyə yararlı şəkildədir - istilik və soyuducu sistemlər quraşdırılıb. Zal internet sistemlə təmin olunmaqdan əlavə ölkə ədəbiyyatıyla yanaşı, dünya ədəbiyyatından olan tanınmış yazarların kitabları ilə təmin edilib”.

 

Universitetin yataqxanasından nə qədər tələbənin qaldığı da qeyd olunub:

 

“Hazırda yataqxanada 60 tələbə, 10 keçmiş ADU məzunu, 15 ADU işçisi yaşayır. Məcburi köçkünlərin sayı isə 341-dir. Bundan əlavə,  yataqxanamız daim xarici vətəndaş olan tələbələrə açıqdır. Belə ki, hazırda 3 nəfər əcnəbi tələbə yataqxanada yerləşdirilib:  Moradşah Çakır Türkiyə vətəndaşıdır, İnas Lahed Əlçazahir vətəndaşıdır, Şirincamal Ağaliyeva isə Türkmənistan vətəndaşıdır”.