Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 10:02:00
Xaricə pulsuz təhsil almağa göndərilən azərbaycanlı tələbələrin sayı AÇIQLANDI

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib.  Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

 

Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər nəzərdə tutulubsa, proqram qəbul olunduğu müddətdən bu günədək nə qədər şəxsin xaricə gedişi təmin olunub?

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üçün ilk sənəd qəbulu 2022/2023-cü tədris ili üzrə həyata keçirilib.

 

"Məlumat üçün bildirmək istərdik ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində 80 bakalavriat, 291 magistratura olmaqla ümumilikdə 371 nəfər tələbə proqram iştirakçısı adını qazanıb.

Hazırda ümumilikdə dünyanın 18 ölkəsinə aid 107 nüfuzlu xarici ali təhsil müəssisəsində 14 prioritet ixtisas istiqaməti üzrə 80 nəfər bakalavriat, 258 nəfər magistratura səviyyəsində olmaqla, ümumilikdə 338 nəfər proqram iştirakçısı “2022-2026 Dövlət Proqramı” çərçivəsində təhsilini davam etdirir”.