Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 15:52:00
Ən çox bal toplayan abituriyent AzEdu.az-a danışdı: “I qrupa hazırlaşıram”

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri bu gün elan olunub. 

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, abituriyentlər arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi göstərib.

Bu, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11b sinfində oxuyan Arif Nəriman oğlu Hacıyevdir. 


Arif Hacıyev öz təəssüratlarını AzEdu.az saytı ilə bölüşüb.

 

Onunla qısa söhbəti təqdim edirik: 

 

- Arif, respublika üzrə buraxılış imtahanından ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

- Müəllimlərimdən eşitdim ki, respublika üzrə birinci olmuşam. Hazırda çox həyəcanlıyam. Bu nəticəni gözləyirdim. İngilis dili və riyaziyyat fənnindən 100 bal toplamışam, sadəcə, Azərbaycan dilindən səhvim olub, ona görə də nəticəm 296.7 baldır.

 

- İmtahanda ən çox hansı fənni suallarında çətinlik yaşadın?

- Riyaziyyatdan bir sualda problem yaşamışdım, onu da DİM düzgün qiymətləndirib. Ən çox çətinliyi Azərbaycan dili fənnində yaşadım. Sualları çətinlik səviyyəsinə görə cavablandırmaq çox vaxt tələb edirdi, ona görə narahat idim.

 

- İmtahan zamanı vaxtını necə bölüşdürdün?

- Hər bir fənnin suallarını bitirdikdən sonra kodlaşdırırdım. Öncə riyaziyyatdan başladım, çünki birinci başlayanda beyin daha rahat olur, daha sonra digər fənlərə kedim.

 

- Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir?


- Xeyr təbii ki... Bu uğurumda müəllimlərimin də əməyi böyükdür. Onlara minnətdaram.


- Hansı ixtisas qrupu üzrə hazırlaşırsan, qəbul olunmaq istədiyin ali məktəbi müəyyənləşdirmisən?


- I qrup üzrə hazırlaşıram. Məqsədim Bakı Ali Neft Məktəbinin informasiya təhlükləsizliyi ixtisasına qəbul olunmaqdır.


- Deyəsən sosial şəbəkədə hesabın yoxdur, digər abituriyentlərə nə məsləhət görürsən?


- Bəli sosial şəbəkələrdə yoxam. Çünki hazırda bütün diqqətimi təhsilimə yönəltmişəm. Həmyaşıdlarıma qarşıdakı imtahanlara səylə hazırlaşmağı tövsiyə edir və hamıya uğurlar arzulayıram.