Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 15:16:58
“Bu gün tərbiyə verə bilmədiyimiz gənclər sabah bizim olmayacaq” - Deputat

 

Son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu özünü təkcə dini fəaliyyət sahəsində deyil, digər sahələrdə də açıq göstərir. Bu gün həm Şərqin, həm də Qərbin Azərbaycan gəncliyi ilə bağlı çox ciddi və məkrli planları var.


Bu fikirləri AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


“Bütün bunlar ölkəmizin gənclər siyasətinə yenidən baxılmasını, bu cür təhdidlərə qarşı yeni strategiyaların və konsepsiyaların hazırlanmasını labüd edir. Belə davam etsə, gələcəkdə bu təhdid və təhlükələrin miqyası daha da artacaq. Azərbaycan gəncliyi ciddi qopuqluq yaşayaraq, milli kimliyindən və milli-mənəvi dəyərlərindən daha da uzaqlaşacaq”, - millət vəkili qeyd edib. 


C.Məmmədovun sözlərinə görə, hazırkı vəziyyətdə həm ailələrin, həm də dövlət qurumlarının üzərinə ciddi vəzifələr düşür.


“Bu bir reallıqdır ki, müasir dövrdə ailə institutu üzərinə düşən əksər vəzifələrin  öhdəsindən müxtəlif səbəblərdən layiqincə gələ bilmir. Bu gün övladlarımızı daha çox yaşadığımız mühit, televiziya və sosial şəbəkələr tərbiyə edir.

Belə olduğu halda dövlət qurumlarının üzərinə daha çox vəzifə düşür. Ancaq bütün hallarda ailələr də övladlarının sağlam tərbiyəsi üçün ciddi cəhdlə çalışmalıdırlar. Bu gün tərbiyəsinə önəm verə bilmədiyimiz və vaxt ayıra bilmədiyimiz gənclik sabah bizim olmayacaq”.


Deputat eyni zamanda, bu məsələdə Elm və Təhsil, Gənclər və İdman, Mədəniyyət nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğulayıb.


“Çox geniş miqyasda maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Həm gənclər, həm də valideynlər arasında. Xüsusilə də bölgələrdə bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var.

Məktəblərimizdə, məscidlərimizdə, kinoteatrlarımızda, televiziyalarımızda, mediamızda və idman klublarımızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işinə xüsusi həssaslıqla yanaşılmalı, davamlı maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Əks halda bu günün gəncliyi gələcəkdə bizim olmayacaq”.