Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 14:32:45
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilib

Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etdiyi dövrdə Bakı metropolitenində qatarların Qırmızı və Yaşıl xətlər üzrə (məkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı-Xətai" mənzili istisna olmaqla) hərəkət qrafikində növbəti optimallaşdırma aparılıb.

 

AzEdu.az xəbər verir ki, bu məqsədlə 2022-ci il sentyabr ayının 14-dən tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlərin nəticəsi xüsusi araşdırılaraq təhlil olunub. Monitorinqlər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və bunun nəticəsi olaraq, metropolitendə sərnişin sıxlığı, hərəkət istiqamətləri, gediş-gəliş vaxtı və digər sərnişindaşıma parametrləri üzrə aparılıb.

 

Nəticə etibarilə, Bakı metropolitenində sərnişin axını, cüzi istisnalar qalmaqla, pandemiyadan əvvəlki sonuncu ən çox sərnişin daşınmış 2019-cu ilin templərinə yaxınlaşmaqdadır. 2022-ci ilin payızından başlayaraq müxtəlif müəssisələrin, ələlxüsus təhsil ocaqlarının fəaliyyətində ənənəvi sabit tədris rejimi tətbiq edilir. Bu isə metropolitendə pandemiya dövründə tez-tez dəyişən sərnişin axını templərinin sabitləşməsinə təsir edib. 2023-cü ilin noyabr ayından başlayaraq fevral-mart aylarında sərnişin sayı və axının dövrü müntəzəmliyi günün saatlarına görə tam olaraq sabitləşib. Bu səbəbdən səhər və axşam gur saatlar da daxil olmaqla, qrafikə müvafiq düzəlişlərin edilməsi qərara alınıb.

 

Bunun nəticəsində əvvəllər sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat qismində “Nərimanov-Memar Əcəmi-Neftçilər-Memar Əcəmi” marşrutu üzrə xəttə buraxılan qatarlar artıq qrafik üzrə təyin olunmuş vaxtda müntəzəm marşrutla hərəkət edir. İş günləri ərzində gur saatlar səhər saat 07:00-10:00, axşam isə saat 17:00-20:00 müəyyən olunmaqla, iş günlərində qatarların “Həzi Aslanov-28 May” sahəsində intervalı, müntəzəm qaydada olmaqla, 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı metropoliteni xətlərinin texniki xüsusiyyətlərinə görə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır.

 

Qeyd edək ki, iş günlərində qalan vaxt ərzində sərnişin axını templərinə uyğun olaraq, qeyd edilən sahədə qatarların hərəkəti, əsasən, 2,5 dəqiqə, səhər erkən və gecə saatlarına doğru böyük intervallarla tənzimlənəcək.

İki xətt “28 May” stansiyasında birləşdiyindən buradan “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.

Bununla belə, gün ərzində qrafikin dəqiq icrasını təmin etmək və xüsusi hallarda xəttə buraxılmaq üçün əlavə ehtiyat qatarların nəzərdə tutulması da diqqətdə saxlanılır.