Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-04 16:40:02
Məşhur azərbaycanlı tərcüməçi VƏFAT ETDİ

Alman dili uzrə tərcümə sahəsində xüsusi xidmətləri olmuş tanınmış alim, Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin keçmiş dekanı Vilayət Hacıyev vəfat edib.

Bu barədə AzEdu.az-a ADU-dan məlumat verilib.

Məlumata görə, Vilayət Hacıyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.

O, aprelin 1-də 73 yaşına qədəm qoymuşdu. O, son vaxtlar Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində işləyirdi.

Vilayət Tapdıq oğlu Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirib və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləyib.
1973-cü ildən, 2017-ci ilə qədər Azərbaycan Dillər Univesitetində çalışıb.

Qeyd edək ki, Vilayət Hacıyev almandilli ədəbiyyat nümunələrinin dilimizə çevrilməsində, həmçinin Azərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə tərcümə olunması işində böyük xidmətlər göstərib.

Vilayət Hacıyevin ömrünün 50 ildən artıq hissəsi birbaşa Azərbaycan Dillər Universiteti ilə bağlı olub.

Azərbaycan oxucusu ilk dəfə Vilayət Hacıyevin tərcüməsində dünya klassikası sayılan Remarkın “Zəfər tağı” ilə tanış olub. Bunun ardınca V.Borxert, Henrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının əsərləri yüksək peşəkarlıqla Azərbaycan dilində özünə yeni həyat qazanıb.

Vilayət müəllim Frans Kafkanın "Məhkəmə" romanını Azərbaycan dilinə mükəmməl tərcümə etdiyinə görə "Ən yaxşı tərcümə əsərinə" görə Tofiq Bayram mükafatı, Avstriya Respublikası Federal Təhsil, Elm və Mədəniyyət Nazirliyi tərəfindən “Tərcümə mükafatı”, nəhayət Azərbaycan Yazıçılar Birliyi tərəfindən ən yaxşı tərcümə işinə görə “Abbas Səhhət” mükafatına layiq görülüb.

Vilayət Hacıyev etdiyi tərcümələrə və bununla Avstriya mədəniyyətinə verdiyi töhfələrə görə Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif olunmuşdur. O, Azərbaycandan bu mükafata layiq görülən yeganə şəxsdir.

Allah rəhmət eləsin.