Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 10:43:00
Ombudsmanın Milli Preventiv Qrupu 3 saylı uşaq evinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Bakı şəhər 3 saylı uşaq evinə planlı başçəkmə həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, , BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan uşaqların hüquqlarının təmini, habelə əvvəlki başçəkmələr zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması və verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.

 

Başçəkmə çərçivəsində 3 saylı uşaq evinin bütün ərazisinə, o cümlədən yataq və tibb otaqlarına, yeməkxana, mətbəx, kitabxana və digər yerlərə baxış keçirilib, uşaqlar ilə fərdi və qrup şəklində görüşlər təşkil olunub. Rəftar məsələlərinin araşdırılması məqsədilə bu müəssisələrdə yaşayan uşaqlarla, habelə müəssisə rəhbərliyi, müəllimlər ilə söhbət aparılıb və mövcud vəziyyət öyrənilib.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri olan psixoloq və sosial işçinin də iştirak etdiyi başçəkmə zamanı uşaqların sosial vəziyyətini öyrənmək, davranış motivləri haqqında daha dolğun məlumat almaq məqsədilə sorğu keçirilib. Sosial sorğuda ümumilikdə 30 uşaq iştirak edib.

Yekunda müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, saxlanma şəraiti, sənədləşmədə olan nöqsanların aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, habelə yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı tövsiyələr verilib.