Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 13:29:44
İşğaldan azad olunmuş Talış kəndinə köç BAŞLADI

Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk mərhələdə köçürüləcək ailələr kəndə yola çıxıblar.

AzEdu.az xəbər verir ki, Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına qayıdırlar.

Qeyd edək ki, Azərbaycan hökuməti Talış kəndində ilk mərhələ üzrə bərpa və quruculuq işlərini yekunlaşdırıb. “Azəriqaz” İstehsalat Birliyi kəndə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib. Həmçinin Talış kəndinə köçəcək sakinlərlə görüşdə evlərin püşkatma mərasimi keçirilib. Görüşdə, həmçinin əhalinin məşğulluğuna dair işəgötürən və işəgötürülənlər arasında müqavilələr bağlanılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib ki, kəndə köçən sakinlərə 2, 3 və 4 otaqlı fərdi evlər təqdim edilib.

"Talış kəndi ən müasir standartara cavab verəcək tərzdə yenidən qurulub, cənab Prezident İlham Əliyevin tapşırığı ilə zəruri olan bütün sosial, texniki infrastruktur ilə təchiz edilib”, - deyə o qeyd edib.

Xatırladaq ki, Tərtər rayonun Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistan işğaldan azad edilib.