Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 17:00:00
Neqativ halların günahkarı məktəb və valideyndir - Təhsil ekspertindən ETİRAZ

Ümumtəhsil müəssisələrində zorakılıq halları getdikcə çoxalmaqdadır. Son zamanlar .agirdlər arasında təhsilimizə yad olan davranışlar artıb. Azyaşlı oğlan uşaqlarının bir-birilə dalaşması, zəif şagirdlərə qarşı psixoloji basqı, siqaret çəkmək, müəllimlərə qarşı hörmətsizlik, güc tətbiq etmək, kəsici və deşici alət gəzdirmək, qız şagirdlərə qarşı xoşagəlməz hərəkətlər  məktəblərimizdə müşahidə olunan neqativ hallardır. Belə hallar baş verdikdə valideyn günahı məktəbdə, məktəb də valideyndə görür. Bəs bu hadisələrin əsas səbəbi nədir və məsuliyyət kimdədir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu kimi halların yaşanmasının səbəkarları məktəb və valideyndir:

 

“İlk növbədə belə zorakılıq hallarının mənbəyini araşdırmaq lazımdır. Bu kimi halların səbəbkarları cəmiyyətlə yanaşı, məktəb və valideyndir. Bəli, cəmiyyətin günahı var, amma bununla yanaşı, valideyn nəzarəti və məktəbin də verdiyi nümunəvi təhsil sistemi olmalıdır. Bugünkü uşaqlar sosial mediada, filmlərdə, real həyatda gördükləri neqativ halları öz həyatlarında tətbiq etmək marağındadır. Yaş hədlərini nəzərə alarıqsa, bu kimi hallara maraq hissinin formalaşmasını təxmin edə bilərik. Valideyn nəzarəti, təhsil yeri və ətraf mühiti yaxşı olmayan uşaqlar mənfi yollara daha tez düşür.

 

Mən uşağın tərbiyəsində ailə ilə yanaşı, məktəbin də xüsusi əhəmiyyət kəsb etdiyini düşünürəm. Məktəblərimizdə tərbiyə sistemi kifayət edirmi? Məktəb psixoloqları öz funksiyasını lazımınca yerinə yetirirmi? Məktəb rəhbərliyi nizam-intizam qaydalarını düzgün tətbiq edirmi? Bu kimi suallara cavab həqiqətən düşündürücüdür. Bir uşaq ailədə az insan ətrafında, amma məktəbdə kütlə qarşısında olur.

 

Gəlin müqayisə edək: özəl məktəblərdə verilən təhsilllə yanaşı, tərbiyə faktoru da xüsusi əhəmiyyət kəsb edir. Bu gün Bakı Türk Anadolu Liseyi, Dəyanət Liseyi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, ADA liseyi kimi təhsil müəssisələrində niyə neqativ hallar yoxdur və yaxud az müşahidə olunur?

 

Çünki həmin məktəblərdə valideyn-sagird-məktəb üçbucağı mütəmadi əlaqədədir və operativ olaraq bir-biri ilə məlumatlandırılır. Məktəb hər hansı bir neqativ halı valideynə bildirir. Valideyn də üzərinə düşən vəzifəni yerinə yetirir. Bu da uşağın həm təhsilinə, həm də tərbiyəsinə müsbət təsir edir. Həmçinin, müəllim kollektivi peşəkarcasına hazırlanır, təlimatlandırılır və vəzifəsini yerinə yetirir.

 

Gələk bizim məktəblərimizə: rəhbərlik və sinif rəhbəri valideyn ilə kifayət qədər ünsiyyətdə deyil, şagird müəllimdən və məktəb rəhbərliyindən çəkinmir. Niyə?

Çünki məktəb rəhbərliyi şagird davranış qaydalarına uyğun olaraq nizam-intizam sistemini həyata keçirmir. İlk növbədə, məktəb rəhbərliyi özü bu qaydaları bilməli, sonra onu pedaqoji heyətə öyrətməli və tətbiq etməlidir”.

 

R.Nurəliyev ümumtəhsil müəssiələrində qayda-qanunların tətbiqində ciddi problemlər olduğunu vurğulayıb:

 

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” yalnız kağız üzərində - layihələrdə öz əksini tapır. Tətbiqdə demək olar ki, yox səviyyəsindədir. Bu gün bir şagird məktəbdə cibində soyuq silah gəzdirirsə, sinif yoldaşlarına, müəllimə qarşı tərbiyəsizlik edirsə, bunun günahkarı təhsil sistemimiz və məktəb rəhbərliyidir. 

 

Niyə təhsil sistemimiz? Çünki təhsil sistemində olan təhsilverənlərin və təhsilalanların hüquqları, o cümlədən nizam-intizam qaydaları sadəcə kağız üzərində öz əksini tapır. Təhsilalanlar və təhsilverənlər öz hüquqlarını yetərincə bilmir. Bir çox sinif rəhbəri öz vəzifə təlimatnaməsini bilmir. Bunun günahkarı kimdir? Əlbəttə ki, Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərləri. 

 

Gəlin bu gün 10 orta ümumtəhsil məktəbinə girək və məktəb rəhbərliyindən tutmuş sinif rəhbərinə kimi öz vəzifə öhdəliyini soruşaq, görək 10 məktəbdən neçəsi bütün qayda-qanunlardan xəbərdardır?  Bu gün 15 yaşına çatan qız uşaqlarını məktəbə göndərməkdən çəkinən valideyn varsa, bunun günahkarı kimdir? Qız uşaqlarının məktəbdə cinsi zorakılığa məruz qalması, siqaret çəkməsi, eşq macəralarının formalaşması, təhsildən yayınmasının səbəbkarı kimdir?

 

Bir tanışım, "uşağımı məktəbə göndərmək istəmirəm" deyir. Söyləyir ki, məktəbdə şagirdlər təhsildən başqa hər şeylə məşğul olur.
"Uşağımın pis mühitdə böyüməsini istəmirəm. Qız yoldaşları mənim qızıma deyirlər ki, ayıb olsun sənə, "oğlan dostun" yoxdur" deyir. Məgər bizim təhsil ocağımız pis mühit kimi diqqətdə qalmalıdır? Bəli, tərbiyə ilk olaraq ailədən gəlir, amma mühitin, təhsilin də tərbiyədə böyük rolu var. Ailədə bu kimi neqativ hallara rast gəlmək demək olar ki, yox səviyyəsindədir. Amma məktəblərdə çoxdur. Bu kimi halları bütün məktəblərimizə şamil etməsək də, təəssüf olsun ki, çoxu bu vəziyyətdədir.

 

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökümət Təşkilatları bu məsələ ilə bağlı müəyyən işlər görməlidir”.