Məktəblərin açılması və tədris ilinin başlaması ilə bu sahədəki bəzi problemlər gündəmə gəlməyə başladı. Valideynləri ən çox narahat edən problemlərdən biri də I siniflərin dərs saatlarının çox erkən - saat 07:30-da başlamasıdır. Sosial şəbəkələrdə şikayətlərini dilə gətirən valideynlər bildirirlər ki, yollardakı tıxacları da nəzər alsaq, şagird göstərilən saatda məktəbə çatmaq üçün gərək heç olmasa 1 saat öncədən oyansın. I sinif tələbələri səhərin çox erkən saatlarında oynamağa çətinlik çəkir, həm də valideynlər yuxudan doymamış uşağın dərsi qavraya bilməyəcəyini düşünərək narahat olurlar.

AzEdu.az xəbər verir ki, sfera.az bununla bağlı kiçik bir araşdırma aparıb.

Məlum olub ki, xarici ölkələrin təcrübəsində dərslərin ən tez saat 08:00-dan başladığını öyrəndik. Bununla yanaşı bir çox həkimlər və təhsil ekspertləri dərslərin bu qədər tez başlamasına etiraz edirlər. Məsələn, amerikalı təhsil üzrə ekspert Paul Kelley orta məktəblərdə yaşlara görə dərs saatlarının başlanma və bitmə müddətinin fərqləndirilməsini təklif edir. Onun fikrincə, aşağı sinif şagirdləri dərsə 08:30-da, yuxarı sinif şagirdləri isə saat 11 radələrində başlamalıdırlar. Bu onların informasiyanı qavramaları baxımından daha effektiv olacaq.

Maraqlıdır, Azərbaycanda buna bənzər addım atıla bilərmi? Bu məsələ nə dərəcədə gündəlikdədir?

Millət vəkili Zahid Oruc bildirib ki, dərsin keyfiyyəti baxımdan saatlar çox önəm daşıyır:

"Dərs saatı keyfiyyət baxımdan çox önəmlidir. Dərs saatının müddəti uşağın zehni qavraması və inkişafı baxımdan da çox önəm daşıyır. Şagirdin tələblərə cavab verməsi üçün dərs saatının müddəti önəmli amildir. Qərb ölkələrində şagirdlər təhsilin idarəçiliyində ayrılmaz vasitəçidirlər. Burada şagirdlər sanki rəhbərlik statusundadırlar. Azərbaycanda bu gün böyük təhsil islahatları aparılır. Təhsil naziri Ceyhun Bayramov dərs ilinin başlanması ilə əlaqədar olaraq çıxışında da böyük hədəflərdən danışıb. Nazirin bu çıxışı məndə böyük nikbinlik yaradıb. Beləcə ixtisasını yüksək səviyyədə bilən tələbə modeli formalaşmış olacaq, həm də yaradıcı düşüncə sahibi olan digər ixtisaslaşmanın üzərində qərarlaşan sistemə keçid olacaq”.

Təhsil eksperti Kamran Əsədov isə Sfera.az-a açıqlamasında bildirib ki, I siniflərin dərsi saat 09:00-da başlamalıdır:

"I sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 09:00-da da başlaya bilər. Bu halda uşaqlar üçün səmərəlilik daha artıq olar. Təhsil haqda qanunvericilik aktlarına görə hazırda orta məktəblərdə I siniflər də daxil olmaqla, bütün siniflər üzrə dərs saatının konkret hansı saatda başlanılması ilə bağlı reqlament yoxdur. Yəni məktəblər bu saatları TN-nin təsdiqlədiyi tədris planlarına və dərs yükünə uyğun müəyyən edir. Buna görə də məktəblərin I siniflərində bu amilləri nəzərə almaqla, dərslərin bir qədər geç başladılması mümkündür”.

Ekspert hesab edir ki, məktəblər öz şəraitlərini, şagirdlərinin məktəbdən uzaq məsafədə yaşadıqlarını əsas gətirərək bu reqlamenti özləri müəyyən edə bilərlər:

"Çünki uşaqlar səhər saatlarında yuxudan oyanmaq və dərsə gəlməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, şəhərin nəqliyyatın sıx ərazilərində yerləşən ali təhsil müəssələrində də dərslər 09:00-da, bəzilərində isə saat 10:00-da başlamalıdır, musiqi və ifaçılıqla bağlı təhsil müəsisələrində isə dərslərin daha gec – saat 10-30 və saat 11:00-da başlanması uyğun olar. "İçəri şəhər” metrosunun ətrafında bir neçə ali və orta təhsil müəssisəsi var - bütün bunları nəzərə alaraq onların iş qrafiklərində diferensiyalaşma aparılmalıdır ki, həm sərnişin, həm nəqliyyat vasitələrinin sayı, həm işçilərin gəlməsi müəyyən qədər asanlaşsın. Bu kimi yerlər çoxdur. Təklif edirəm ki, orta məktəblərimizdə yuxarı siniflərlə ibtidai siniflərin dərs vaxının başlaması fərqlənsin. Yuxarı siniflərin daha erkən, yəni saat 8-də, ibtidai siniflərin isə əksinə, 09:00 və ya 09:30-da dərsə gəlməsi həyata keçirilsin”.