Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-13 18:01:00
DİM-dən imtahana “şparqalka” keçirənlərlə bağlı açıqlama: elə yerlərində gizlədirlər ki...

“Bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi, bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə, hər kəsin təhlükəsizliyinin təmin olunmasına və şəffaf imtahan mühitinin yaradılmasına xidmət edir”.

 

Bunu AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə deyib.

 

O bildirib ki, yoxlanışlar etik qaydalara uyğun aparılır:

 

“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur

 

Buraxılış rejimi zamanı binaya daxil olan iştirakçıların sənədlərinin həqiqiliyi elektron portalda dəqiqləşdirilərək şəxsiyyəti müəyyənləşdirilir və imtahana zidd əlavə vasitələrin (xüsusi elektron və kağız daşıyıcıların, qulaqlıqların, ötürücü qurğuların, ağıllı saatların, kəsici-deşici alətlərin, kimyəvi tərkibli zərərli maddələrin və s.) binaya keçirilməsinin qarşısının alınması üçün fiziki olaraq üstlərinin yoxlanılması həyata keçirilir.

 

Yoxlamalar etik davranış qaydaları çərçivəsində aparılır. Sənəd yoxlamasından keçən xanım iştirakçılar binanın foyesində öncədən onlar üçün ayrılmış yerlərə dəvət olunur və üst-başları xüsusi təlim keçmiş xanım əməkdaşlar tərəfindən, oğlan iştirakçıların üstləri isə daxili işlər orqanlarının peşəkar kişi əməkdaşları tərəfindən əl və ya metal detektorla yoxlanılır”.

 

X.Xanlarzadə şagirdlərin hələ də imtahan binasına icazə verilməyən vasitələr keçirmək istəməsindən təəssüf hissi keçirdiyini vurğulayıb:

 

“Uzun illərin təcrübəsinə əsaslanaraq təəssüf hissi ilə bildirmək istəyirik ki, iştirakçıların bəziləri imtahana gələrkən imtahan binasına keçirilməsinə icazə verilməyən vasitələri bədənlərinin müxtəlif nahiyələrində, paltar və ya ayaqqabılarında öncədən gizlətməklə buraxılış rejimindən keçirməyə cəhd edirlər.

 

Təkcə 2023-cü ilin mart ayında keçirilən 11-ci siniflər üzrə buraxılış imtahanı zamanı ümumilikdə 12 şagird tərəfindən üzərində öncədən müxtəlif üsullarla gizlətməklə mobil telefon və ağıllı qurğuların binaya keçirilməsi halı müəyyən olunmuş, onlarla vasitənin isə keçirilməsinin qarşısı alınmışdır”.