Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-06 12:00:00
“Bu imtahan tipi şagirdləri repetitorlara möhtac edir” - AÇIQLAMA  

Dünən 11-cilərin buraxılış imtahanı keçirildi. Bu vaxta qədər sınaq imtahanlarında da iştirak etmiş bəzi şagirdlər şikayətçidirlər. Onlar iddia edirlər ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş dünənki buraxılış imtahanının modeli sınaq imtahanları ilə üst-üstə düşməyib.

Bu iddialar nə dərəcədə həqiqətdir?

Məsələ ilə bağlı AzEdu.az-a açıqlamasında "Hədəf" Nəşrlərinin direktoru, pedaqoq Nizami Hüseynov bildirib ki, deyilən fikirlərdə doğruluq payı var və etiraz edənlər bir çox məsələlərdə haqlıdırlar:

 

“Bu il buraxılış imtahanı ilə bağlı sual tiplərinin yeni, fərqli və çox çətin olması haqqındakı fikirlər tam olmasa da, həqiqətə müəyyən məna uyğundur. Etiraz edən və narazılıq bildirənlər bir çox məsələlərdə haqlıdırlar, xüsusən, bölgədə yaşayanlar, repetitor və hazırlıq kursları ilə əhatə olunmayan şagird kontingenti üçün bu imtahanı çətin adlandırmaq olar. Çünki buraxılış imtahanında istifadə olunan bəzi sual modelləri var ki, bunlara nə orta məktəb tədrisində, nə də DİM tərəfindən hazırlanmış test toplularında rast gəlinir. DİM-in Azərbaycan dili fənni üzrə hazırladığı test topluları 2019-cu il nəşridir və ardıcıl olaraq kiçik redaktələrlə təkrar çap olunur. Həmin toplularda istifadə olunmuş mətn testi modelləri ilə son iki ilin imtahanlarında düşən mətnlər arasında fərqlilik var. Bura həm mətnin həcmi, həm üslubun çətinliyi aiddir”.

 

Fotoğrafı Aç

 

N.Hüseynov qeyd edib ki, sualların çətinliyi bu il imtahan verənlər arasındakı rəqabətə təsir etməyəcək:

 

“Digər rakursdan baxdıqda isə görürük ki, bu imtahanlarda çox ciddi rəqabət var və qiymətləndirmə meyarları, cavabların əhatəliliyi də artır. Bu imtahanlara sual hazırlayanlar da şagirdlərin imtahanqabağı istifadə etdiyi dərsliklərlə tanışdırlar. Həmin vəsaitlərdə xeyli sual modelləri, asan və ya çətin tipli tapşırıqlar, tədris materialına aid olmayan sual tipləri var. Əksər şagirdlər bu modellərlə tanış olduğu üçün DİM imtahanı onlar üçün də yenilik kimi görünmür. Eyni zamanda, DİM-ə bağlı olan platformada onlayn sınaq imtahanları keçirilir. Burada da bəzən fərqli tip sual modelləri görə bilirik. Təəssüf ki, buraxılış imtahanı formatında sınaq təşkil etmək həm xərc, həm fiziki və zehni əmək, həm də uzun vaxt alan prosesdir. Buna görə də, DİM yalnız blok imtahanlarının real sınağını həyata keçirə bilir.

 

Bir daha qeyd edim ki, bu imtahan tipi şagirdləri orta məktəbdən və məktəb dərsliklərindən bir az da qoparır, onları repetitorlara və hazırlıq mərkəzlərinə möhtac edir.

 

Sualların çətinliyi müsabiqəni aşağı salsa da, bu il imtahan verənlər arasındakı rəqabətə təsir etməyəcək, çünki 100 mindən artıq abituriyent eyni model və suallar əsasında qiymətləndiriləcək”.