Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 15:46:59
Nazir qızların təhsilindən danışdı

Martın 2-də Təhsilin İnkişafı Fondunun təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş “Qızların təhsilinə dəstək” mövzusunda konfrans keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edib. O, Təhsilin İnkişafı Fondunun yarandığı gündən indiyədək gənc qızların təhsilinə dəstəyə önəm verdiyini deyib. Bildirib ki, qızların təhsilinə yönəlik layihələrin həyata keçirilməsi sosial, tibb və təhsil sahələrində müsbət dəyişiklərə gətirib çıxarmaqla yanaşı, sağlam ailələrin formalaşmasına səbəb olacaq. Qeyd olunub ki, qızların təhsilinə qoyulan hər sərmayə gələcəkdə 2 qat geri qayıdır. STEAM kimi layihələrdə qızların iştirakının önəmindən bəhs edən Elnur Nəsibov respublika olimpiadalarında qızların yüksək nəticələr göstərdiyini söyləyib.

Daha sonra “Təhsil TV”nin təqdimatında “Gənc qızların təhsilinə dəstək” layihəsinə dair videoçarx nümayiş etdirilib.

Elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsinin 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təklif olunduğunu söyləyib. Bildirib ki, bu təşəbbüs Azərbaycanda həm təhsilin, həm də gənc qızların inkişafına dəstək verəcək.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihə çərçivəsində iki il ərzində 36 gənc qıza dəstək verildiyini deyib. Bildirib ki, həmin qızlardan 11 nəfərinə sahibkar qadınlar tərəfindən fərdi dəstək göstərilir. Layihə çərçivəsində regionlardan gəlib ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, sosial baxımdan həssas əhali qrupuna aid olan 25 qızın təhsilinə dəstək məqsədilə aylıq təqaüd verilir.

Təhsilin İnkişafı Fondunu Layihələrlə iş şöbəsinin müdiri Nərgiz İsmayılova təqaüd proqramı haqqında məlumat verib. Bildirib ki, bu təşəbbüsdən daha çox qızın faydalanması məqsədilə Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Hənifə Məlikova–Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramı təsis edilir. Hənifə Məlikova-Zərdabi Azərbaycanın ilk maarifçi qadınlarından biri və Bakıda ilk qızlar məktəbinin yaradıcısıdır. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olub. Həsən bəyin gənclərin təhsili üçün təşkil etdiyi xeyriyyə cəmiyyəti bir çox qadın ziyalının yetişməsində və onların cəmiyyətin müxtəlif sahələrində öz yerlərini almasında önəmli rol oynayıb. “Hənifə Məlikova–Zərdabi adına gənc qızların təhsilinə dəstək” təqaüd proqramının məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək və onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

Sonda Təhsilin İnkişafı Fonduna ianə edən tərəflər ianə sertifikatları ilə təltif olunublar.

Tədbirdə Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, dövlət və özəl sektor nümayəndələri iştirak ediblər.