Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 10:50:00
Azərbaycanda minlərlə məzunun diplomu elektron bazada YOXDUR

Ötən il ərzində 54 000-dən çox şəxs diplomunu yoxlamaq üçün elektron hökumət portalına müraciət edib. Ölkədə universitetdən məzun olmuş təxminən 200 000 şəxs var. Ancaq onların böyük bir qismi haqqında elektron bazada məlumat yoxdu. Bundan başqa, diplomlarının elektron formasını da bazadan əldə edə bilmirlər. Bazada məlumatları yer alan şəxslər 2011-ci ildən sonra məzun olan şəxslərdir. Ondan əvvəlki illərdə məzun olmuş şəxslər haqqında bazada ya ümumiyyətlə informasiya yoxdur, ya da əskik məlumatlar yerləşdirilib.

 

Belə bir vəziyyətin yaranması nə ilə bağlıdır?  Elektron sistemdə sənədini tapa bilməyən şəxs nə etməlidir?

 

AzEdu.az-ın məlumatına görə, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib:

 

“Qurum məsələyə birbaşa müdaxilə  etmir. Keçmiş məzunlar diplomlarını elektron qaydada əldə edə bilmələri üçün əvvəlcə vaxtilə oxuduqları təhsil müəssisəsinə müraciət etməlidirlər. Ali təhsil müəssisələri bu diplomları Dövlət İmtahan Mərkəzinin  tələbə-məzun elektron bazasına əlavə etməlidir. Bundan sonra Elm və Təhsil Nazirliyi “diplomtanımasistemi.edu.az” portalına əlavə etməlidir. Daha sonra isə həmin şəxslərin diplomları elektron formatda sistemdə görünəcəkdir”. 

 

Təhsil eksperti Elçin Əfəndi isə diplomların elektron versiyasını əldə etməyin yollarını və elektron bazanın vacibliyini vurğulayib:

 

“Sistemə yerləşdirilmə olmadığından aidiyyatı qurumlar hər hansı bir vətəndaşdan sənədi istədiyi zaman o, müvafiq prosedur qaydasında müraciət etməlidir. Ya sənədini arxivdən bərpa etməli, ya da müvafiq sənədi elektron bazada yoxdursa, notarial qaydada onun təsdiqini tələb edə bilər. Sənəd bazada yerləşdirilərsə, vətəndaş bu qədər prosedurla əziyyət çəkməz”.