Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 10:38:31
Nəcəf - Azərbaycanlı müctəhidlərin də yetişdiyi elmi-dini MƏRKƏZ

İraqdakı Nəcəf şəhəri şiə müsəlmanları üçün müqəddəs hesab olunan yerlərdəndir. Burada İmam Əlinin məqbərəsi  və onun yaxınlarının qəbirləri yerləşir. İran, Azərbaycan və şiələrin məskunlaşdığı digər yerlərdən hər il milyonlarla zəvvar bu şəhərə səfər edir.


Şiələr üçün müqəddəs məkan, Məkkə və Mədinədən sonra 3-cü ziyarət yeri olmaqla yanaşı, Nəcəf həm də şiələrin elmi-dini mərkəzidir. Nəcəf İranın Qum elmi-dini hövzəsi ilə yanaşı, şiələrin yaşadığı ölkələri müctəhid və axundlarla təmin edən dini məktəblərin fəaliyyət göstərdiyi mərkəzdir.


Nəcəf şəhəri haqqında qısa arayış

VIII əsrin sonlarında şiələrin 1-ci İmamı Həzrət Əlinin Nəcəfdəki məzarı aşkara çıxıb. O zamana kimi bu yeri müqəddəs məzar kimi  yalnız imamlar tanıyır və ən sadiq tərəfdarlarına nişan verirdilər. Ondan sonra məzarın ətrafında Əhli-beyt (İmamlar və onların ailələri) tərəfdarları məskən salıb yaşamağa başlayıblar. Lakin 250 il ərzində Nəcəf çox kiçik bir yaşayış məskəni olaraq qalırdı. XI əsrin ortalarına kimi Rey, Qum, Bağdad şəhərləri şiə məzhəbinin elm mərkəzləri sayılırdı. 1055-56-cı illərdə səlcuqlar Bağdadı ələ keçirdilər. Cəfəri məzhəbi tərəfdarları, “12 imamçılar”  ciddi təqiblərə məruz qaldı. Şəhərdəki şiə kitabxanaları, o cümlədən həmin dövrün ən böyük Cəfəri mütəfəkkiri olan olan Şeyx Tusinin evi və kitabxanası da yandırıldı. Şeyx Tusi həyatı üçün ciddi təhlükə olduğunu görüb Bağdadı tərk etdi və Nəcəfə köçdü. Onun tələbələri də Nəcəfə axışdılar. Beləliklə, Nəcəf dini elmlər mərkəzi (hövzəsi) təsis edildi.

     
Prezident Səddam Hüseynin devrilməsindən əvvəl Nəcəfdə 1000-ə qədər tələbə təhsil alırdı. Bu gün isə orada təxminən 8 min tələbə oxuyur.

Nəcəfdə “Darul-elm” adlı mədrəsə də təsis edilib ki, tanınmış din xadimi və müctəhid olan Ayətullah Gülpayiqaninin Qumda yerləşən mədrəsəsinə oxşayır. Bu mədrəsə Ayətullah Sistaninin himayəsi ilə Nəcəfdə təsis edilib. “Darul-elm” mədrəsəsi bir neçə mədrəsədən təşkil edilib və müəllimlər azad halda tələbələrə dərs keçirlər. Bu mədrəsədə təxminən 500 tələbəyə 20 müəllim tərəfindən təhsil verilir.

Hal-hazırda Nəcəfdə təxminən 15 tanınmış  alim öz məktəbini yaradıb: Ayətullah Muhəmmədsəid Həkim fiqh dərsini, Şeyx İshaq Fəyaz fiqh və üsul dərslərini, Muhəmmədbaqir İrəvani fiqh və üsul dərslərini, Şeyx Hadi Ali Razi fiqh və üsul dərslərini, Seyid Muhəmmədrza Sistani fiqh dərsini, Seyid Baqir Sistani üsul dərsini, Seyid Əli Səbzvari fiqh və üsul dərslərini, Seyid Əli Əkbər Hairi fiqh və üsul dərslərini, Seyid Əla Ğərifi fiqh və üsul dərslərini və başqaları. 

Nəcəfin Qumdan fərqi
     
1981-ci ilə qədər Nəcəf alimlərinin bəziləri mühacirət etmişdi, bəziləri də keçmiş rejim tərəfindən öldürülmüşdülər. Ona görə də Səddam Hüseynin süqutuna qədər Nəcəf hövzəsində ali səviyyədə dərslər keçirilmirdi. O zamanlar 5 dərs keçirilirdi. Ancaq indi artıq 30 dərs keçirilir. Bu rəqəmlərlə Nəcəf hövzəsinin inkişafını görmək olar. Bu hövzənin Ayətullah Sistani, Fəyaz və Həkim kimi dahi alimləri vardır. Ancaq onlar azlıq təşkil edirlər. Müəllimlərin təxminən 60%-i Qumda təhsil almışdılar. Bunun nəticəsində Qum elmi hövzəsinin üslub və qaydaları tədricən buraya ötürülüb.
     
Hövzənin müdiriyyəti elmi mövzuların müzakirəyə çıxarılmasında, bu və ya digər fənnin dərs proqramına salınmasında azaddırlar. Məsələn, əvvəllərdə Nəcəfdə fəlsəfənin fənni tədris olunmurdu. Ancaq bu gün fəlsəfə dərsləri heç bir maneə olmadan keçirilir. Bu gün bu məsələyə heç kim etiraz etmir. Baxmayaraq ki, Nəcəf elmi hövzəsinin elmi bünövrəsi fiqh və üsuldur, ancaq başqa elmlərin tədrisinin qarşısı da alınmır.


Azərbaycandan olan dindarlar üçün də Nəcəf əsrlər boyu dini  təhsil mərkəzi rolunu oynamışdır. Sovet İttifaqı qurulana qədər demək olar ki, Azərbaycanda fəaliyyət göstərən tanınmış din xadimlərinin hamısı Nəcəfdə təhsil almışdılar. Bu gün dini mərkəzlər arasında adı daha tez-tez çəkilən Qum hövzəsi İran İslam İnqilabı və İraqda Səddam Hüseynin və BƏƏS partiyasının  hakimiyyətə gəlişinə qədər Azərbaycan dindarları arasında elə də məşhur deyildi. Səddam Hüseyn dini kəsimə divan tutdu və bunun nəticəsində Nəcəf şiələrin elmi-tədris mərkəzi olmaq funksiyasını itirdi.


Səddam Hüseyn siyasi səhnədən uzaqlaşdırıldıqdan və İŞİD terror təşkilatı məğlub olduqdan sonra İraqda daxili siyasi vəziyyətin qydaya düşməsi Nəcəfdəki elmi fəaliyyəti də canlandırdı. Səddam Hüseyn zülmündən və təqiblərdən qorunan müctəhid və din xadimləri açıq fəaliyyət göstərməyə başladılar. İndi İraqdakı ruhanilər və şıə mərkəzləri Nəcəfin əvvəlki şöhrətini qaytarmaq üçün addımlar atırlar. İrandakı Qum elmi-dini hövzəsinin bəzi tanınmış müctəhidlərinin öz elmi fəaliyyətlərini Nəcəfə keçirmələri barədə məlumatlar da var.


Bu şəraitdə təbii ki, Azərbaycan dindarları üçün də  Nəcəf elmi-dini mərkəzi və oradakı dini məktəblərlə əlaqələri inkişaf etdirmək zəruridir.


- Nəcəf ənənəvi olaraq Azərbaycandan olan din xadimlərinin yetişməsində mühüm yer oynayıb və Nəcəf axundları xalqımız arasında müsbət xüsusiyyətləri ilə fərqlənib.


- Azərbaycanlılar arasında  müctəhid səviyyəsinə qədər yüksələnlər məhz Nəcəf məktəbinin yetirmələridir. Qumda bu titulu alan yerlilərimiz yox səviyyəsindədir. Orada məqsədyönlü şəkildə azərbaycanlıların müctəhid səviyyəsinə çatmalarının qarşısı alınır.


- Nəcəf məktəbi məhz din və dini təhsillə məşğul olmağı üstün tuturlar. Onlar Qumda olduğu kimi, siyasi proseslərə müdaxilə etmirlər. Qumda isə İran ali dini orqanları hazırladıqları axund və müctəhidlərdən dini alət kimi istifadə edirlər.


- Nəcəf dini icmasının bizim millətə münasibəti daha loyaldır, nəinki Qumdakı ruhanilərin.


Şiə dünyasında Nəcəfdəki müctəhidlərin  nüfuzu daha yüksəkdir. Onlarla yaxın münasibətlərimizin olması ölkəmizin qarşısında duran inanclı insanların İran ruhanilərinə bağlılığını azaldar.