Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 11:55:00
Yeni müəllimlər sertifikasiyada könüllü iştirak edə bilər? - AÇIQLAMA

Məlum olduğu kimi, müəllimlərin işə qəbul (MİQ) imtahanından keçərək təhsil ocaqlarında pedaqoji fəaliyyə başlayanlar 5 il müddətində sertifikasiyadan azaddırlar. Digər müəllimlər isə məcburən 5 ildən bir sertifikasiyadan keçməlidirlər.

Sertifikasiyadan keçən müəllimlərin maaşlarında artım olduğuna görə, MİQ imtahanında iştirak etmiş və 5 il müddəti hələ tamam olmamış bəzi müəllimlər sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyirlər.

"Mən oturub 4-5 il gözləyəcəm ki, maaşım nə vaxtsa artacaq? sertifikasiya ilə bağlı könüllülük də nəzərə alınsın", - deyə sosial şəbəkələrdəki təhsil qruplarında bəzi müəllimlər təklif irəli sürüblər. 

Bu müzakirələrə qoşulan yeni müəllimlərin digər arqumentləri də var: "MİQ sertifikasiyadan çətindir. MİQ-dən keçənlər də sertifikasiyadan keçmiş hesab olunmalı və balına uyğun maaş almalıdır".

Yayılan bəzi məlumatlara görə, MİQ-dən keçənlərin 5 il tamam olmadan sertifikasiyaya buraxılması məsələsi Elm və Təhsil Nazirliyində müzakirə edilir.


AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq, təhsil ekspertinin mövzuya münasibətini öyrənib.


MİQ-dən keçən yeni müəllimlər könüllü şəkildə sertifikasiyada iştirak edə bilər?

 

Təhsil eksperti Elşən Qafarov saytımıza açıqlamasında deyib:

 

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanından keçənlərin ilk 5 ildə sertifikasiyaya cəlb olunması tələb edilmir. Əgər qanunvericilikdə 5 il məhdudiyyəti qoyulursa, bu o deməkdir ki, həmin müəllimlər sertifikasiyadan keçmiş hesab olunur. Bu halda isə MİQ imtahanında iştirak edən müəllimlərin əməkhaqqı sertifikasiyadan keçən müəllimlərin maaşlarına olan əlavə ilə eyni olmalıdır”. 


Ekspert qanunvericilikdə sözügedən mövzu ilə bağlı müəyyən yeniliklər edilməli olduğunu bildirib:

 

“Qanunvericilikdə yeni dəyişikliklər edilməlidir ki, həmin şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar və onların maaşları sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqqı ilə eyni hesablansın. Bu düzəliş edilməlidir. Əgər bu yoxdursa, müəllimlərə şans yaradılmalıdır ki, könüllü şəkildə sertifikasiyada iştirak edə bilsinlər”.