Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-18 10:08:00
Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

“Dövlət İmtahan Mərkəzi gecikmədən yenilikləri bildirməlidir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, gələn il təşkil olunacaq qəbul imtahanı ilə bağlı bəzi məsələlər hələ də öz təsdiqini tapmayıb:

“Məlum məsələdir ki, imtahanda 4 ixtisas bloku,  hər blokda 3 fənn, hər fəndən 30 sual - 22-si qapalı, 5-i yarım qapalı, 3-ü tamamilə açıq olmaqla yeni model əsasında imtahan keçiriləcək. Yeni tələblər sualların yoxlanmasında insan amilinin rolunu da ortaya qoyur. Fürsətdən istifadə edib demək istəyirəm ki, DİM gecikmədən yenilikləri bildirsin. Burda dərsliklərlə tanış olmaq şərt deyil. Buna görə bacarıq və vərdişlər müəllimlərə lazımdır.  Müəllimlərdə yeni tələblər olmalıdır ki, şagirdə öyrətsin. Bizim ən çox narahat qalmalı olduğumuz məqamlardan biri də müəllimlərin biliyi şagirdə öyrədə bilməsi, amma test vərdişlərini izah edə bilməməsidir. Çünki sual modellərin, buraxılış imtahanında testlərin tipinin necə olacağı məlum deyil. Müəllimlər kursda həm də şagirdə testi necə işləməyi öyrədir. Testin də bir sirri var. Əksər testləri həll etməkdə elmi bacarıqlardan əlavə, test işləmə vərdişləri tələb olunur. DİM-dən yeniliklərlə bağlı məlumatların verilməməsi problem yaradır və ehtimal edirəm ki, yenə də narahatlıq doğuracaq”

Mütəxəssis balların hesablanma qaydasının da ictimaiyyətə elan olunmamasından danışıb:

“Bloklarda əsas və yardımçı fənlər məsələsi var. Elə fənlər olacaq ki, şagirdin ordan toplayacağı  bal 200 olacaq. Blokdakı fənlərdən biri 200, digər ikisi isə hər biri 100 ballıq olacaq. I və II qrupda riyaziyyat həm buraxılışda, həm də qəbulda olduğu üçün həmin fənlər 100 balla qiymətləndiriləcək. Oktyabrda hər ixtisas qrupuna uyğun olaraq 200 ballıq fənlərin  hesablanma düsturunu qurmuşuq. Ayın 14-də keçiriləcək imtahanda maksimum bal toplayan 400 olacaq. Buraxılış imtahanının da modeli bilinəndən sonra maksimum 300 balın nələrə əsasən hesablanacağı bilinəcək. 22 qapalı sualın, 5 yarımqapalı testin (biri uyğunluq, dördü hesablama və seçim tipli testlərdir)  neçə balla qiymətləndiriləcəyi bəlli deyil. Şagirdin yazaraq cavablayacağı 3 dənə də sırf açıq testlər var. Proqram onun surətini  ekrana atacaq. DİM-in Markerlər qrupu həmin testləri yoxlayacaq. Hədəf Kurslarınd a 400 bal  hesablama modelini məsləhətləşib düstur ortaya qoymuşuq. Açıq etiraf edim ki, bu düstur DİM-in düsturu ilə hazırda üst-üstə düşməyə bilər. Çünki onlar hələ bu düsturu elan etməyiblər. Elan olunanda hesablanma qaydası buna uyğun dəyişəcək”

Xatırladaq ki, 2019-cu ildə qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Bloklar üzrə fənlər bəlli olsa da, buraxılış imtahanın modeli və balların hesablanma qaydası kimi bir sıra vacib məqamlar Dövlət İmtahan Mərkəzi tərəfindən hələ də elan olunmayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları