Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-24 14:51:00
Maaş artımı MİQ imtahanlarından keçən müəllimlərə də aiddir

Prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Maaşların artırılıması sosial şəbəkələrdə bir sıra müzakirələrə səbəb olub. Müzakirələrə qoşulan bəzi pedaqoqlar son illərdə məllimlərin işə qəbul imtahanlarndan (MİQ) keçən və təhsil müəssisələrinə təyinat alanların da maaşlarında artımın  olub-olmayacağını bilmək istəyirlər.
 

MİQ imtahanlarından keçmə diaqnostik qiymətləndirilmə ilə eyni statusa malikdirmi?
 

Təhsil eksperti Kamran Əsədov sözügedən mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib:
 

"İlk növbədə qeyd etmək istəyirəm ki, diaqnostik qiymətləndirmə imtahanları 2014-2018-ci illərdə keçirilib. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, orta məktəblərə müəllim təyin olunanların iştirak etdiyi MİQ imtahanı da diaqnostik qiymətləndirmə imtahanı hesab olunur. Yəni MİQ imtahanı diaqnostik qiymətləndirmə imtahanı ilə eyniləşdirilib”. 

Bu isə o deməkdir ki, ölkə başçısının dünən imzaladığı sərəncam - yəni maaş artımı 2018-ci ildən sonra MİQ imtahanları vasitəsilə məktəblərə işə düzələn müəllimlərə də şamil olunacaq.

Ekspert müəllimlərin dərs yükü barədə də danışıb:

 
“Azərbaycandakı orta məktəblərdə təxminən 140 min müəllim çalışır. Onların 11 mini həm də məktəb direktoru və ya direktor müavini kimi inzibati vəzifələrdə çalışır. Yerdə qalan 129 min müəllimdən 4 min 439 nəfərinin - bütün müəllimlərin təxminən 4 faizinin həftəlik dərs yükü 6 saatdan azdır. Dərs saatlarının bu qədər az olması, təbii ki, həmin müəllimlərin maaşının da cüzi olmasına gətirib çıxarır. 

Mövcud qaydalara görə, həftəlik dərs yükü 6 saatadək olan 4 mindən çox müəllimin orta aylıq maaşı cəmi 175 manatdır. Həftəlik dərs yükü 6-12 saat arası dəyişən müəllimlərin də sayı yetərincə çoxdur. Belə ki, ölkədəki müəllimlərin 14 faizinin - 18 min 530 müəllimin dərs yükü 6-12 saat arasında dəyişir. Bu qrupa daxil olan müəllimlərin vergilər çıxılmadan əldə etdikləri orta əməkhaqqı az qala, minimum maaş səviyyəsində - 345 manatdır.
31 min 116 müəllimin - bütün müəllimlərin təxminən 24 faizinin həftəlik dərs yükü 12-18 saat arasında dəyişir. Bu qrupa daxil olan orta müəllimlərin orta aylıq maaşı 590 manatdır. 

Müəllimlər arasında dərs yükü baxımından ən böyük qrup həftədə 18-24 saat dərsi olanlardır. Sonuncu dərs ilində 40 min 209 müəllimin həftəlik dərs yükü məhz bu aralıqdadır. Bu, məktəblərdəki bütün müəllimlərin 31 faizi deməkdir. Həmin qrupdakı müəllimlərin orta aylıq maaşı 840 manatdır. Ən çox dərs yükünə - həftədə 24 saatdan çox dərs yükünə malik müəllimlərin sayı isə 34 min 382 nəfərdir. Belə müəllimlər ölkədəki bütün müəllimlərin 27 faizidir.

Deməli, Azərbaycanda təxminən hər dörd müəllimdən cəmi birinin həftəlik dərs yükü 24 saatdan çoxdur. Bu qrupa daxil olan  müəllimlərin orta aylıq maaşı 1210 manatdır. Hesab edirəm ki, müəllimlərin əmək haqlarından vergi tutulması qaydası ləğv edilməlidir ki, onlar artımı daha yaxşı hiss edə bilsinlər”.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da bildirib ki, müəllimlərin aylıq vəzifə maaşlarının artımına dair Prezident sərəncamı MİQ-dən keçərək yeni işə düzələn pedaqoqlara da aiddir.