Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-22 16:20:00
Övladına xarici dil aşılayan valideyn ona problem də yaradır - Psixoloq tövsiyəsi

Azərbaycanda bir çox valideyn övladının xarici dil (ingilis, rus və s.) təmayüllü bağçalarda, məktəblərdə təhsil almasına çalışır. Bəzən həmin uşaqlar sonradan ana dilini mənimsəməkdə çətinlik çəkirlər. Halbuki, hər bir şəxsin mənəvi borcudur ki, ana dilini mükəmməl şəkildə bilsin.

Nəticədə uşaq irəlidəki illərdə yeniyetmə və gənc olarkən ana dilinə biganə yanaşır, doğulub böyüdüyü ölkə ona yadlaşır. 
 

Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqları məsələ ilə bağlı AzEdu.az-a danışıblar.

APAK-ın psixoloqu Nigar İsmayılzadə AzEdu.az-a bildirib ki, valideynlərdən ən azı biri xarici dili bilmirsə, uşaqlarının öyrənməsi üçün göstərdikləri səylər fəsadlar doğura bilər:

 

 Açıklama yok. 

 

“Günümüzdə valideynlərin əksəriyyəti övladlarının xarici dil öyrənməsinə çalışır və bunun üçün onları xarici dil təmayüllü bağçalara, məktəblərə göndərirlər. Bu çox normal haldır. Lakin bu seçimi edərkən öncə diqqət etmələri lazım olan məqam ondan ibarətdir ki, valideynlərdən heç olmasa biri övladlarını yönləndirmək istədikləri xarici dili bilməlidir. Bu uşağın seçilmiş olan xarici dili dərindən öyrənməsinə kömək edəcəkdir. Əks halda, uşaq bu dili sadəcə bağçada və ya məktəbdə istifadə etdiyindən onu mükəmməl öyrənə bilməyəcək, fikrini ifadə etməkdə çətinlik çəkəcəkdir. Bu da uşaqlarda ünsiyyətdən çəkinməyə, fikirlərini ifadə etməkdən qorxmağa gətirib çıxar bilər. Ünsiyyət fikir, informasiya mübadiləsi və inkişaf üçün vacib amillərdəndir. Uşaqların ünsiyyətində çətinlik yaranması onların inkişafına birbaşa təsir göstərir. Övladlarının həm xarici dili, həm də ana dilini yaxşı mənimsəməsini istəyən valideynlərin şəxsi səyi çox vacibdir. Məsələn, ingilis dili təmayüllü bağçada, məktəbdə ingilis dili öyrənməyə çalışan uşaqla valideynlərdən biri ingilis dilində danışarsa, bu, uşağın dil öyrənmə və həmin dili sevmə potensialını artıra bilər. Bununla yanaşı, ana dilini inkişaf etdirmək üçün isə digər valideyn övladı ilə ana dilində danışmağa üstünlük verməlidir. Bu zaman uşaqlar valideynləri ilə ünsiyyət qurduqda hər iki dildən istifadə etmiş olacaqlar ki, bu da hər iki dilin eyni səviyyədə inkişafına təkan verəcək”. 

 

APAK-ın psixoloqu Ezgi Şahin də məsələ ilə bağlı fikir bildirib.

 

Açıklama yok.

 

 O, vurğulayıb ki, uşaq vaxtı izlənilən cizgi filmi və proqramlar dil inkişafına ciddi şəkildə təsir göstərir:

 

“Uşaqlar nəyə görə öz dillərini unudur və mənimsəmirlər? Bəzi valideynlər psixoloqa gəlir ki, övladım xarici dil bilir, amma mənalı istifadə etmir.

Uşaqların əksəriyyəti cizgi filminə baxmağı sevirlər. Burada əsas problem ailədə danışılan dilin baxılan cizgi filmi və proqramlarla üst-üstə düşməməsidir. Beləliklə də, uşaq anlama və qavramada geri qalır.   

Valideynlər uşaqlarına xarici dil öyrətmədən öncə, öz ana dillərini anlamaları və qavramalarını təmin etməlidirlər. Bu məsələyə diqqət olunmasa, ciddi inkişaf problemləri yarana bilər. Burada ən vacib məqam uşağın özünü ifadə etməkdə çətinlik çəkməsidir. Çünki bu, özünə inam problemi yaradır və artıq onlar danışmaq istəmirlər. Valideynlər istəyir ki, uşaqları çox dil bilsin, amma insan öz ana dilini bilmədikdə doğulub-böyüdüyü yerə qarşı da psixoloji olaraq yadlaşır. Bir çox insan sonradan düşünür ki, dilini öyrəndiyi, bildiyi ölkədə yaşamalıdır və doğma yurddan uzaqlaşma meydana çıxır. Uşaqlarımıza öncə ana dilini öyrətməyə çalışmalıyıq”.