Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 09:15:00
Bakıda 25-ci “Puşkiniana” layihəsinə start verilib

Bakıdakı Rus evində “Puşkiniana” illik layihəsi start götürüb. Layihə “A.S.Puşkinin əsərlərində musiqi” devizi altında Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus evi, Azərbaycanın Rus İcması tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 

AzEdu.az xəbər verir ki, tədbiri Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina açıb. O vurğulayıb ki, bu ildən başlayaraq layihədə Belarus, Qazaxıstan və Rusiya təmsilçiləri də fəal iştirak edir.

 

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov layihə iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb. “Siz bu il “Puşkiniana” layihəsinin yubileyində iştirak edirsiniz. 25 il əlamətdar tarixdir. Bu layihə sayəsində siz öz biliklərinizi artıracaq, eləcə də bacarıqlarınızı inkişaf etdirəcəksiniz”, - deyə İ.Zinnurov bildirib.

 

Sonra paytaxt məktəblilərinin hazırladıqları musiqili proqram təqdim olunub. Layihənin iştirakçıları şeir söyləyib, tamaşa nümayiş etdiriblər.

 

Tədbirin sonunda Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov layihənin ən fəal iştirakçılarını diplomlarla və xatirə hədiyyələri ilə təltif edib.

 

Qeyd edək ki, “Puşkiniana” layihəsi Azərbaycanda məktəbəqədər uşaq müəssisələrinin yetirmələrinin, ümumtəhsil məktəblərinin şagirdlərinin və ali məktəblərin tələbələrinin iştirakı ilə hər il keçirilir. Layihənin yekun mərasimi iyunun 6-da, A.S.Puşkinin doğum günündə təşkil olunur.