Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 14:31:00
Startapçılarla bağlı görüş keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi arasında startapçılarla bağlı görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə BANM-ın rektoru Elmar Qasımov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, prorektor Babək Məmmədov, Təlimə Dəstək Mərkəzinin müdir müavini Zaur Balaqadaşov, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, universitetin professor-müəllim heyəti və startapçı gənclər iştirak ediblər.

 

BŞTİ müdiri M.Vəliyeva bildirib ki, yeni dünya bugünün şagirdlərindən öyrənmək bacarığı, komandada işləmək vərdişləri, kreativlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri tələb edir. XXI əsr bacarıqlarının aşılanması, uşaqlara eyni müstəvidə düşünmək imkanının yaradılması, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onların yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılıq hərəkatının başlanılması üçün səylərin birləşdirilməsi olduqca əhəmiyyətlidir. Elmi tədqiqatın və öyrənmənin sərhədsiz olduğu indiki dövrdə startap layihələrini özünü reallaşdırmağın ən optimal yolu kimi dəyərləndirən İdarə müdiri bu sahədə əməkdaşlığa verdiyi dəstəyə, öz qapılarını şagirdlərin üzünə açdığına görə BANM rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

 

M.Vəliyeva startapçı məktəblilərə stimul üçün tələbə-şagird birliyinin yaradılmasının, ilkin mərhələdə startap layihələrinin məzmununda elmi-tədqiqat balansının artırılmasının vacibliyini bildirib. Startap layihələri festivalının keçirilməsini hədəfləndiyini söyləyən İdarə müdiri startapçı şagirdlərlə bağlı elektron portalın yaradılmasının vacibliyinə də toxunub.

 

 BANM-ın rektoru E.Qasımov BŞTİ ilə əməkdaşlıqda və ölkənin qabaqcıl ali məktəblərindən biri olaraq startapçılarla işləməkdə maraqlı olduqlarını bildirib. İstedadlı məktəblilərin dəstəklənməsi, onlara elmi rəhbərliyin edilməsindən məmnunluq duyduqlarını söyləyən rektor birgə əməkdalığın uğurlu nəticələr verəcəyinə inandığını deyib.   

 

Startapçı uşaqların tədqiqatlara cəlb olunması, startap layihələrində elmi rəhbərlərlə birgə işləməyin vacibliyinə toxunan E.Qasımov ali təhsil ocağının laboratoriya və robototexnika mərkəzinin məktəblilərin ixtiyarında olduğunu da diqqətə çatdirib.

 

Paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi, BŞTİ-nin ali məktəblərlə birgə həyata keçirdiyi Startap Proqramının rəhbəri Həsən Quliyev özünün startap layihələri, bu sahədəki fəaliyyətindən və müvafiq dünya təcrübələrindən danışıb. Gənc startapçı öz həmyaşıdlarına dəstək göstərməyə hazır olduğunu söyləyib.

 

Görüşdə paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə ali təhsil ocağı ilə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə BANM-ın gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.