Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 15:23:00
Azərbaycan gəncinin Vətənə xidmət üçün güzəştə ehtiyacı var?!

Rusiya Dövlət Dumasında hərbi xidmət keçən gənclərə universitetlərə qəbul imtahanı zamanı əlavə ballar verilməsi ilə əlaqədar qanun layihəsinin müzakirəyə çıxarılması bizim oxucular tərəfindən də maraqla qarşılanıb. Bəzilərini maraqlandıran nüans bizdən və Rusiyadan başqa daha hansı MDB ölkələrində hərbi xidmətlə bağlı bu tipli yanaşmaların olub - olmamasıdır. Bəzi oxucular isə Azərbaycanda da belə qanunların qəbul edilə bilməsi ehtimalı barədə sual ünvanlayıblar.

 

AzEdu.az saytı olaraq biz həmişə oxucularımızı maraqlandıran məsələləri diqqət mərkəzində saxlayır və onların göndərdiyi sualları bizimlə əməkdaşlıq edən təhsil ekspertlərinin köməyi ilə aydınlaşdırmağa çalışırıq. Haqqında söhbət açdığımız məsələ ilə bağlı da Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahinovun fikirlərini öyrəndik.

 

Təhsil eksperti bildirdi ki, Rusiyada səfərbərliklə bağlı ciddi problemlər yaşanır:

 

“Təbii ki, bu barədə sizin saytda verilən yazıda da Kremlin Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar insanları orduya çağırmaqda böyük probleminin olması barədə məlumat verilir. Belə halların qarşısını almaq üçün həyatın müxtəlif sahələrində ordudan tərxis olunmuş gənclərə ciddi güzəştlər yaradırlar. Mən hesab edirəm ki, bu hələ başlanğıcdır. Hərbi əməliyyatların başlanmasından cəmi bir il keçir. Rusiya artıq səfərbərliklə bağlı ciddi problemlər yaşayır. Müharibənin bir neçə il uzanacağı təqdirdə indiki güzəştlərin heç də kifayət etməyəcəyinin şahidi olacağıq. Rusiya sonunda hərbi xidmətdə olmuş gənclərin imtahansız universitetlərə qəbul olunması barədə qanun da qəbul edə bilər.

Rusiyadan başqa digər MDB ölkələrində isə bu tipli qanunların mövcud olması barədə məlumat yoxdur. Heç Ukrayna da bu yolla orduya adam yığmır”.

 

Ə.İbrahimov Azərbaycanda belə bir qanunun tətbiq olunması üçün heç bir səbəbin olmadığını vurğulayıb:

 

“Azərbaycana gəlincə, məgər buna ehtiyac var? Azərbaycanın heç vaxt Vətənin müdafiəsi üçün orduya əsgər toplamaq problemi olmayıb və bundan sonra da olmayacaq. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qarşı tərəfdən əsgərlikdən qaçanların sayı on minlərlə idi və Ermənistan hüquq-mühafizə orqanları indi də onların axtarışındadır.

 

Azərbaycanda isə bir nəfər belə fərari olmadı. Bundan sonra on dəfə də müharibə olsa, yenə hərbi xidmətə getmək, Vətəni müdafiə etmək üçün Azərbaycan gənci növbəyə dayanacaq”.