Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 10:58:00
Zəlzələnin ən böyük qurbanları onlardır...

 

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin qurbanları arasında azyaşlılar da var. Dağıntılar altında qalaraq həyatını itirən, yaralanan, eyni zamanda qorxu, təlaş içində dağıntılar altında xilas olacağını gözləyən uşaqlarla bağlı xəbərləri izlədikcə, insanı qəhər boğur, göz yaşlarını saxlamaq mümkün olmur.

 

Yaşları az olsa da, bu fəlakətin ən böyük qurbanları məhz onlardır. Kimi valideynini, kimisi də öz həyatını itirdi. Yüzlərlə uşaq dağıntılar altında qalaraq, yenicə başladıqları həyatla vidalaşmalı oldu. Bəzi azyaşlıları xilas etmək mümkün olsa da, onlar yaşadıqları dəhşətli anları hələ uzun müddət unuda bilməyəcəklər. 

 

Zəlzələnin psixoloji fəsadları nələrdir?

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Nigar İsmayılzadə bildirib ki, zəlzələ fəlakəti azyaşlıların psixologiyasına ciddi təsir göstərir. 

 

“Zəlzələ təbii fəlakətdir və müxtəlif ərazilərdə baş verə bilər. Bu fəlakət nəinki uşaqlara və həmin hadisənin yaşandığı ərazidəki şəxslərə, eyni zamanda hadisədən məlumatlı olan bütün insanlara sarsıdıcı təsir göstərdi. Hazırda internetin, sosial şəbəkələrin aktiv istifadə olunduğu dövrdə yaşayırıq və hər bir məlumat çox sürətli şəkildə insanlara çatdırılır, bu informasiyalar zaman keçməsinə baxmayaraq, əlçatan olaraq qalmağa davam edir. “10 günlük və ya 10 aylıq uşaq bu hadisəni necə xatırlayacaq?” və ya “Xatırlamadığı bir hadisə ona necə psixoloji ziyan verə bilər ki?” kimi düşüncələr heç də həqiqəti əks etdirmir.

 

Qeyd etdiyim kimi, bu məlumatlar, fotolar sosial şəbəkələrdə çox paylaşılıb, bunun özü də psixoloji təsirdir. Həmin şəkillərin gələcəkdə onların qarşısına çıxma ehtimal nə qədərdir? Məncə, bu ehtimal kifayət qədər yüksəkdir. Nəzərə alsaq ki, yaşanmış hadisə tamamilə unudulmur. Bu hadisə böyüklərlə yanaşı, zərərçəkmiş 10 günlük, 2 aylıq, 3-4 yaşlı uşaqların psixologiyasına da ciddi təsir göstə bilər”.

 

Psixoloqun sözlərinə görə, uşaqları belə hadisələrlə bağlı maarifləndirmək lazımdır: "Qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qorxunc təsirlərinə hər birimiz şahid olduq. Əlbəttə, bu da hər kəsə emosional təsir göstərir. Bu cür vəziyyətdə uşaqların bacardığımız qədər az zərər çəkməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, övladlarımıza bu cür hadisələr haqqında məlumat verməliyik".

 

Nigar İsmayılzadə zəlzələdən əziyyət çəkən azyaşlıların gələcəkdə yaşaya biləcəyi psixoloji problemləri sadalayıb:

 

"Dağıntılardan xilas olmalarına baxmayaraq, məhv olan evləri, itirdikləri valideynləri, qardaş və ya bacıları onların psixologiyasına ciddi şəkildə təsir edəcək. Hazırda 10 günlük və 2 aylıq körpənin hadisənin fərqində olmaması həqiqəti dəyişmir. Psixoloji təsirin fəsadlarını gələcək üçün təxmin etmək o qədər də çətin deyil. Bu, tarixdir və heç vaxt unudulmayacaq, illər keçsə də danışılacaq. Gələcəkdə bu mövzu haqqında danışılanda onlar bu hadisəni yaşayan zaman nə qədər fərqində olmasalar belə, öz gözlərində canlandıracaq və həmin narahatlıq onlara emosional təsir göstərəcək, itirdiklərini xatırlayacaq və həmin hadisənin yenidən yaşanma qorxusu, itirmək qorxusu onları narahat edəcək. Nəinki bu dağıntılardan əziyyət çəkən, eyni zamanda bu hadisəyə şahid olan hər bir insanın sağlam şəkildə həyata davam etməsi üçün psixoloji dəstək almasına ehtiyac yarana bilər".