Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-11 11:32:00
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 12-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyalar gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

 

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

 

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 1674 olmaqla, ümumilikdə 2212 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 193 nəzarətçi müəllim, 20 buraxılış rejimi əməkdaşı ayrılıb.