Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 12:43:00
“Vətəndaş cəmiyyəti bu mövzu ilə bağlı məsələ qaldırmalıdır”-İCTİMAİ ŞURA

 

Türkiyə və Azərbaycanın hazırkı gündəmi bütün dünyaya səs salan dəhşətli zəlzələdir. Türkiyədə hadisə anında zərərçəkənlər, köməyə ehtiyacı olanlar üçün AFAD-ın “Təcili çağrı mərkəzi” fəaliyyət göstərir. Bu mərkəz müraciət edən şəxslərin birbaşa lokasiyasını təyin edir.  Bəs Azərbaycanda baş verə biləcək zəlzələ hadisəsi zamanı köməyə ehtiyacı olan şəxslərin dərhal müraciət edəcəyi bir sistem, mərkəz mövcuddurmu? Mövcud deyilsə, belə bir sistem nə üçün formlaşdırılmır? Bu məsələ ilə əlaqədar insanlar hansı tədbirləri görməlidir?

 

 Suallarımızı AzEdu.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın üzvü Vəfa Abbasova cavablandırdı.

  

“Azərbaycanda bu cür dəqiqliklə fəaliyyət göstərən sistem yoxdur”- Vəfa Abbasova bildirdi:

 

"Türkiyə seysmik zona olduğuna görə, orada daima bu təhlükəyə hazırlıqlı olmaq lazım gəlir. Bunun üçün də müxtəlif çağrı mərkəzləri ilə dərhal köməklik göstərə bilmək üçün əlaqə sistemləri yaradılır. Müqayisə üçün tektonik xəritələrə nəzər salsaq, Azərbaycanın Türkiyə qədər seysmik zona olmadığını görə bilərik. Zəlzələ təhlükəsinin ölkəmizdə bu qədər dəhşətli dərəcədə olmağı gözlənilmir. Bunun üçün də Azərbaycanda bu cür dəqiqliklə fəaliyyət göstərən sistem yoxdur. Ancaq hər nə qədər seysmik zona olmasaq da, digər fövqəladə halları nəzərə alaraq belə bir sistemin yaradılması zəruridir. Yəqin ki, yaxın gələcəkdə ölkəmizdə də bu sistem yaradılar".

 No description available.

 Vəfa Abbasova həmçinin belə bir sistemin yaradılması üçün hadisənin baş verməsini gözləməyin yanlış olduğu qənaətindədir:

 

"Dərhal çağrıya cavab mexanizmi üzərində qurulacaq bir sistemi yaratmaq üçün hadisənin baş verməsini gözləmək lazım deyil. Əvvəlcədən tədbir görmək və bu tədbirlər haqqında informasiyanın yayılması onlarla insanın həyatını xilas edə bilər."

 

 

 “Ölkəmizdə  də buna bənzər bir çağrı mərkəzinin yaradılması üçün vətəndaş cəmiyyəti məsələ qaldırmalıdır”

 

Türkiyədəki dəhşətli vəziyyət hər kəsə məlumdur. Aldığımız məlumatlara görə, qardaş ölkədə  belə bir çağrı mərkəzinin olması onlarla insanın həyatını xilas edib. Ölkəmizdə  də buna bənzər bir çağrı mərkəzinin yaradılması üçün vətəndaş cəmiyyəti təkliflərlə çıxış etməlidir. Onlar bu mövzu ilə bağlı məsələ qaldırmalıdır. Azərbaycan belə bir sistemin yaradılması üçün yetərincə texnikaya sahibdir. O zaman sistemin yaradılmasına heç bir maneə yoxdur.

 

Müharibədən yeni çıxdığımız üçün bu kimi mövzular bir qədər diqqətdən kənarda qalıb. Ancaq yaxın zamanda məsələnin həllinə nail olacağıq.